DÜNYA


İldırım vurması təhlükəsi barədə xəbərdarlıq sistemi yaradılıb

Berlin, 15 sentyabr, AZƏRTAC

Köln firması ildırım vurması, şiddətli külək və digər təbiət anomaliyaları təhlükəsi barədə orijinal lokal xəbərdarlıq sistemi işləyib hazırlayıb.

AZƏRTAC xəbər verir ki, Köln Universitetinin yaxınlığında yerləşən “Ahener Vayer” parkı şəhər sakinlərinin sevimli istirahət yeridir. Parka çox vaxt tələbələr, azyaşlı uşaqları ilə valideynlər və həvəskar idmançılar gəlirlər. Parkdakı süni gölün yanında böyük uşaq və idman meydançaları, seyrəngahlar, açıq səma altında kafelər var... İstənilən havada burada qələbəlikdir. Məhz buna görə də “Coptr” startapı mümkün ildırım vurması və istirahət edənlər üçün təhlükəli ola biləcək digər təbiət anomaliyaları haqqında orijinal xəbərdarlıq sistemini şəhər administrasiyası ilə razılaşdırma əsasında parkda quraşdırmağı qərara alıb.

Firmanın əməkdaşları parkdakı talalardan birində günəş batareyaları ilə işləyən işıq-diod lampalarla işıqlandırılan 6 metrlik “Tube” vışkasını quraşdıranda istirahət edənlər bir qədər həyəcanlandılar. İnsanlar yaxınlaşıb mahiyyətcə eyni suallar verməyə başladılar: görəsən, parka müşahidə kameralarımı qoyulur? Firmanın əməkdaşları və onun başçısı Filipp Kominek isə həvəslə belə cavab verirdilər: “Sizə müşahidə kameraları kimi görünən qurğular əslində reproduktorlardır. Biz məhz onların köməyi ilə əlverişsiz hava şəraiti barədə xəbərdarlıq edəcəyik. Bundan əlavə, vışkada qaçan sətirlə təchiz edilmiş, təhlükə səviyyəsini svetofor kimi üçrəngli siqnallarla göstərən dairəvi displey quraşdırılacaq. Təhlükənin ciddiliyindən asılı olaraq yaşıl, sarı və ya qırmızı işıqlar yanacaq”.

F.Kominekin sözlərinə görə, havanın dəyişməsi barədə informasiya Almaniya Meteorologiya Xidmətindən və İldırımı Müşahidə Sistemindən ən müasir kompüter avadanlığı ilə təchiz edilmiş vışkaya ötürüləcək. İnformasiya kompüter tərəfindən təhlil edildikdən sonra təhlükə səviyyəsi müəyyən olunacaq. Sarı işıq xəbərdaredicidir: o, istirahət edənləri təhlükə barədə səs siqnalının və nitqin müşayiəti ilə xəbərdar edir. Qırmızı işıq yananda siqnal daha güclü səslənir və səs isə bu dəfə artıq təkidlə insanlara təhlükəli zonadan çıxıb getməyi tövsiyə edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.