SİYASƏT


“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 116-cı kitabı çapdan çıxıb

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi, iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 116-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2021-ci il dekabrın 14-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında söyləyib.

Çoxcildliyin bu kitabındakı materiallar 2021-ci ilin noyabr – 2022-ci ilin yanvar aylarını əhatə edir. Kitaba Azərbaycan Prezidentinin Rusiyanın Soçi şəhərinə işgüzar səfəri, Prezident Vladimir Putin ilə ikitərəfli görüşü, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli görüş və yekun bəyanat, mətbuata birgə bəyanatlar haqqında informasiyalar daxil edilib.

Prezident İlham Əliyev 2021-ci il dekabrın 13-15-də Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdə olub, səfər çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Həmçinin Şimali Atlantika Şurasının iclasında iştirak edib, Yens Stoltenberq ilə birgə mətbuat konfransı keçirib. Bütün bunlar haqqında məlumatlar, eləcə də Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan baş nazirinin Brüsseldə üçtərəfli görüşü, dövlətimizin başçısının Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”nın VI Sammitində iştirakı barədə materiallar, İspaniyanın “El Pais”, İtaliyanın “İl Sole 24 Ore” qəzetlərinə müsahibələrinin mətnləri yeni kitabda toplanıb.

Oxucu 116-cı cilddə Azərbaycan Prezidentinin Türkmənistana işgüzar səfərinə, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirakına, Pakistan, Tacikistan, İran, Türkiyə prezidentləri ilə Aşqabadda keçirdiyi görüşlərə dair məlumatlarla da tanış ola bilər.

Həmçinin yeni kitaba Prezident İlham Əliyevin Türkiyə, Koreya Respublikası, Rusiya, Pakistan, Gürcüstan, İran, Bosniya və Herseqovina və digər dövlətlərin Azərbaycana səfər etmiş yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair informasiyalar daxil edilib.

Dövlətimizin başçısının Quba rayonuna, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfərindən bəhs edən materiallar da bu nəşrdə yer alıb.

Yeni kitabda Prezident İlham Əliyevin “Azərbaycan Dəmir Yolları” QSC-nin Yeni Biləcəri lokomotiv deposunun açılışı mərasimində iştirakı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanışlığı haqqında informasiyalar, yerli televiziya kanallarına müsahibəsinin mətni də oxuculara təqdim edilir.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 116-cı kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.