İQTİSADİYYAT


İlham Əliyev: Vergi və gömrük sistemində aparılan islahatlar böyük dəyişikliyə səbəb olur

Bakı, 10 oktyabr, AZƏRTAC

Bu il iqtisadi sahədə köklü islahatlar davam etdirilir. Biz bu islahatların nəticələrini görürük. Xüsusilə vergi və gömrük sistemində aparılan islahatlar böyük dəyişikliyə, müsbətə doğru dəyişikliklərə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, islahatlar davam etdirilməlidir. Bu gün sahibkarları, ictimaiyyəti narahat edən vergi və gömrük sahəsində işlərlə, məsələlərlə bağlı bütün lazımi addımlar atılmalıdır ki, bu xoşagəlməz hallara son qoyulsun.

Prezident nitqində gömrük orqanlarının bu il 800 milyon manatdan çox əlavə vəsait topladığını və bunu yüksək qiymətləndirdiyini qeyd edib: “Əminəm ki, ilin sonuna qədər bu məbləğ daha da artacaq. Bu, onu göstərir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq”.

Prezident İlham Əliyev onu da nəzərə çatdırıb ki, ölkəmizin xarici ticarətinin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir, ilin sonuna qədər bu, daha da artacaq.

“İdxalın artımı sənayenin inkişafı ilə bilavasitə bağlı olan məsələdir, insanların rifah halının yaxşılaşması ilə bağlıdır”,- deyən Prezident gömrük rüsumlarının artırılmasının səbəblərindən birinin də məhz idxalın artımı ilə əlaqədar olduğunu söyləyib. Həmçinin vurğulanıb ki, ölkədə aparılan struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.