ELM VƏ TƏHSİL


“İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri” kitabının onlayn təqdimatı keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Əməkdar müəllim, Bakı Dövlət Universitetinin (BDU) “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, professor İradə Hüseynovanın “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri” monoqrafiyasının onlayn təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi, “NƏFƏS” İctimai Birliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (DPU) Quba filialının təşkilatçılığı ilə baş tutub.

Konfransın aparıcısı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı zəfərlə başa çatan Vətən müharibəsinin ildönümü ərəfəsində işıq üzü görən kitabın öz mövzusuna, janrına görə dəyərli əsərlərdən biri olduğunu söyləyib. Qeyd edib ki, bu kitab tarixçi-alimlər, konfliktoloqlar, beynəlxalq münasibətlər və müxtəlif sahələrdə işləyən araşdırmaçılar, tələbələr, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müəllifi müraciət etdiyi mövzunun məsuliyyətinə, şərəfinə uyğun əsər yazdığı üçün təbrik edib, ürək sözlərini bölüşüb: “Kitabda vurğulandığı kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər Azərbaycan tarixində xüsusi yerə, bu günümüz və gələcəyimiz baxımından fövqəladə rola malikdir. Biz bəxtəvərik ki, bu şanlı hadisənin – Qarabağımızın Ermənistanın işğalından azad edilməsinin, 30 ilə yaxın davam edən vandallığa, barbarlığa son qoyulmasının, dövlət-xalq birliyinin şahidləri olduq.

İndi Qarabağa mədəniyyət qayıdır; indi Qarabağa azadlıq günəşi doğub və zülməti qovub; indi quruculuq-abadlıq işləri başlayıb; Qarabağ yenidən cənnətə dönür”.

Qənirə Paşayeva bildirib ki, elm adamlarımızın Vətən müharibəsinə belə operativ və sanballı müraciəti çox təqdirəlayiq hadisədir.

Professor İradə Hüseynova 27 Sentyabr – Anım Günü ərəfəsində oxuculara təqdim edilən kitabının Müzəffər Ali Baş Komandanın çıxışından gətirilən sitatla açıldığını vurğulayıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi əks-hücum əməliyyatının başladığı ilk andan hadisələri diqqətdə saxlayıb, gecə-gündüz cəbhə xətti ilə əlaqə saxlayıb, ordumuza, komandirlərə bütün gərəkli göstəriş və əmrləri verib, şanlı Ordumuzu öz ətrafında sıx birləşdirib: “Bəli, biz tarixçilər, alimlər də şanlı Zəfərə öz elmi münasibətimizi bildirməliyik. Postmüharibə dövründə olsaq da, müharibənin səbəbləri, müharibənin gedişatı, 30 illik işğala 44 gün kimi qısa bir müddətdə son qoyulması, əks-hücumdan sonra müdafiə olunmağa çalışan düşmənin daha çox itkilər verməsi və müharibə başa çatsa da, hələ də müəyyən revanşist çağırışlar eşitməyimiz alimlərin, araşdırmaçıların mövzuya elmi baxışını zəruri edir. Ordumuz hərb meydanında, diplomatlarımız beynəlxalq danışıqlarda, biz alimlər isə elm cəbhəsində öz sözümüzü deməli, xidmətimizi göstərməliyik. Əgər bu vəzifəni yerinə yetirə bilmişiksə, çox xoşbəxtik”.

Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Vətən müharibəsi, müharibədə tarixi Qələbənin qazanılmasında Prezident İlham Əliyevin müstəsna rolunun qardaş ölkələrdə də maraq və məhəbbətlə öyrənildiyinə diqqət çəkib: “Biz İradə xanımın bu əsərinin ingilis və rus dillərinə çevrilməsini təklif edirik. Akademiya olaraq, biz də öz töhfələrimizlə çıxış etməyə hazırıq”.

“Regional və Hüquqi Maarifləndirmə” İB sədri Arzu Bağırova, kitabın rəyçisi professor Şikar Qasımov, “Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İB sədri, “Hərbi And” qəzetinin qurucu-baş redaktoru Emin Həsənli, kitabın elmi redaktoru, tarix elmləri doktoru Qasım Hacıyev, ADPU Quba filialının direktoru Yusif Ali Afşar, BDU-nun magistrantı Nəsrin Abdullayeva kitabın məziyyətləri haqqında fikirlərini bölüşüblər.

Çıxışlarda İradə Hüseynovanın kitabında ermənilərin Qafqazın alloxton əhalisi olduğu, yəni bölgəyə gəlmə olduqları haqqında mükəmməl təsəvvür yaradıldığı vurğulanıb. Bu fikrin Herodot, Musa Kalankatuqlu, İvan Şopen, İqor Dyakonov, Aleksandr Anninski, erməni müəlliflər Q.Kapantsyan, B.İşxanyan və b. tərəfindən də ifadə edildiyi söylənilib.

Kitabda ermənilərin Cənubi Qafqazda əsassız ərazi iddiaları və “erməni sindromu”, eləcə də Azərbaycana aid toponimlərin dəyişdirilməsi, hələ XIX əsrin sonlarından başlayaraq, Doğu Anadolu və Qafqazda türk-müsəlman əhalini sıradan çıxarmaq məqsədilə terror təşkilatlarının yaradıldığının qeyd olunduğu, XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımının diqqətə çatdırıldığı bildirilib: “Heç kəsə sirr deyil ki, erməni terrorizminin əsas hədəfi Azərbaycandır və bu bədnam hədəfə çatmaq üçün hər cür dəyərin tapdandığına görə, o, mahiyyətcə beynəlxalq terrorizmdir. Beynəlxalq erməni terrorizmi dünyanın bir çox ölkələrində şəbəkələşmiş, başlıca olaraq, türk dövlətlərinə (ilk növbədə, Azərbaycan və Türkiyəyə) qarşı funksiyalaşdırılmış cinayətkar bir qurumun təhlükəli ideologiyasıdır”.

Qeyd olunub ki, müəllif kitabda dövlətimizin başçısının müharibə dövründə nüfuzlu xarici media orqanlarına 30-dək müsahibə verdiyinə və bu müsahibələrdə 600-dən çox sualı cavablandırdığına diqqət çəkib. Bununla da beynəlxalq ictimai fikirdə formalaşmış yanlış təsəvvürləri dağıtmağa nail olduğumuz vurğulanıb. Professorun qeyd etdiyi kimi, Prezidentin müsahibələrdə verdiyi tutarlı, dəqiq, məntiqi, yeri gələndə yığcam, bəzənsə ətraflı cavablarının hər biri ayrı-ayrılıqda öyrənilməyə, araşdırılmağa layiq cavablardır. Həmin müsahibələr vaxtı Prezident İlham Əliyev erməni faşizminin əsl simasını açıb göstərib, erməni vandallığının ağlasığmaz cinayətlərini faktlarla sübut edib.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.