SİYASƏT


İlham Əliyevin Münhen ipponunun və Nikol Paşinyanın kürəyinin yerə vurulmasının ildönümü

Berlin, 15 fevral, AZƏRTAC

Bu gün 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında tarixi debatların keçirildiyi gündən düz bir il ötür. O vaxt bu hadisə barədə AZƏRTAC “İlham Əliyevin Münhen ipponu və Paşinyanın gözlənilən məğlubiyyəti” sərlövhəli məqalədə bütün dünyaya xəbər vermişdi. Həmin vaxtdan artıq bir il keçib və bu vaxt ərzində əlamətdar hadisələrə, xüsusən də ötən ilin 44 günlük “qızmar” payızında baş verən hadisələrə baxmayaraq, AZƏRTAC-ın həmin məqaləsi nəinki öz aktuallığını itirməyib, epoxal hadisələr fonunda daha da böyük məna kəsb edib.

Bu gün, Münhen konfransının səhnəsində həmin tarixi zəka savaşına müraciət edərkən və sonradan, məhz həmin ilin iyulunda və daha sonra payızında baş verənləri yada salarkən həmin təkbətək döyüşü yenidən dəyərləndirməyə, ona yeni mövqedən baxmağa başlayırsan. Əslində, bu, qarşıdakı böyük Vətən müharibəsində Böyük Qələbənin müjdəçisi idi. O vaxt həmin debatları zalda əyləşərək və ya birbaşa efirdə müşahidə edərək izləyənlərdən kimin ağlına gələrdi ki, bir ildən sonra bu intellektual təlim məşqini bütün dünya başqa kontekstdə xatırlayacaq! O vaxt kim deyə bilərdi ki, düz bir ildən sonra həmin lider, sakit və eyni zamanda, tamamilə əminliklə tarixi mənbələrə istinad edərək, auditoriyaya Kürəkçay müqaviləsi, Qafqaz bürosunun iclası və s. barədə söhbət açacaq, özünün növbəti səfərini artıq azad edilmiş Azərbaycan torpaqlarına edəcək və orada başlanan bərpa işlərinə şəxsən özü nəzarət edəcək.

Bu sətirlərin müəllifi və eyni zamanda, bir il bundan əvvəlki məqalənin müəllifi bunu yuxusunda belə təsvir edə bilməzdi! Xeyr, əlbəttə ki, Qələbə Gününün gec və ya tez gələcəyinə mənim zərrə qədər şübhəm yox idi. Amma bunun elə həmin il baş verəcəyini, zənnimcə, az adam öncədən görə bilərdi.

Bax, burada bunları qeyd etmək istəyirsən. Bəli, bunu qabaqcadan demək o qədər də asan deyildi, lakin cənab Paşinyan keçən ilin payızında baş verənlərin qarşısını almaq üçün lazım olan hər şeyi etmişdimi? Müharibənin qarşısını almaq millətin hər bir məsuliyyətli rəhbərinin vəzifəsidir. Bunu qüvvələrin bərabər olmadığı halda etmək xüsusilə vacibdir. Millətin lideri necə məsuliyyətsiz və fırıldaqçı olmalıdır ki, nəinki qalib gəlmək, hətta heç-heçə nail olmaq üçün öz ölkəsinin heç bir şansı olmadığı müharibənin qarşısını almaq üçün bütün səylərini cəmləşdirmək əvəzinə, bütün hərəkətləri və ritorikanı diametral şəkildə əks hədəfə - müharibənin təhrikinə yönəltsin!

Bax burada, Münhen debatlarından əvvəl baş verən hadisələri xatırlatmaq istərdim.

2019-cu il martın 30-da Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüşündə gözlənilmədən bəyan etdi ki, erməni tərəfi Madrid prinsipləri əsasında yeddi rayonun Azərbaycana qaytarılmasının “Arsax”ın müdafiə qabiliyyətini sarsıdacağını “dərk edib” (!) və bu səbəbdən “ərazilərin sülhə dəyişdirilməsi” formulu” artıq keçmişdə qalıb, onun əvəzinə isə “yeni müharibə - yeni ərazilər” konsepsiyası gəlir. Tonoyan bunu Ermənistanın ölkədə belə adlandırılan “təhlükəsizlik kəməri”nin genişləndirilməsi niyyətində olması ilə izah edib. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Vyanadakı görüşü başa çatdıqdan demək olar ki, bir neçə saat sonra səslənən bu bəyanat Bakıda heyrət doğurdu və güman edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərini də az təəccübləndirmədi. Həmsədrlər onların illər boyu üzərində çalışdıqları məsələni Yerevanda belə asanlıqla və sürətlə heçə endirəcəklərinə hazır deyildilər. Bu, birinci işarə idi, lakin o vaxt bu bəyanatı belə qiymətləndirməyi qərara aldılar ki, onun səsləndirən siyasətdən xəbəri olmayan hərbçidir və ola bilsin, bu, Paşinyan komandasının daxilində nəyisə bir anlaşılmazlıqdır.

Şübhələr 40 gündən sonra dağılmağa başladı. Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il mayın 9-da hər bir azərbaycanlı üçün müqəddəs olan Cıdır düzündə sərxoş vəziyyətdə rəqs etməyə başlayıb. Qonşu dövlətin liderinin işğal edilmiş ərazilərdə, özü də azərbaycanlıların ruhu üçün ən müqəddəs yerdə olması təhqiredicidir. Marionet xuntanın qondarma “parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsinin onun tərəfindən elan edilməsi də rəqibinə daha ağrıdıcı zərbə endirmək, onu ruhdan salmaq, depressiyaya düşməyə məcbur etmək məqsədi daşıyırdı. Bununla da, erməni siyasi texnoloqların fikrincə, yekunda Azərbaycanın müqavimət göstərmək iradəsi sınacaq və Qarabağ itkisinin qaçılmazlığı ilə razılaşmağa məcbur olacaqdı.

Etiraf edirik ki, bütün bu küçə tamaşasında biz azərbaycanlılar üçün yaxşı olanı, yumşaq desək, azdır. Paşinyanın və onun komandasının öz üzərilərinə götürdükləri bizim iradəmizin sındırılması məsələsi onların güman etdikləri kimi asan məsələ olmadı. Paşinyanın “hesablamaları” öz yerində, daha yaxşı olardı ki, biz özümüzdən danışaq: bu sərxoş rəqs kefi həmin anda bizim üçün ciddi xəbərdarlıq oldu. Paşinyan Əliyevdən “hazırlaşmaq üçün” “əlavə vaxt” istəmişdi, beləliklə o, Azərbaycan liderinə bir qədər ümid vermişdi. Hansı “əlavə vaxtdan” söhbət gedə bilər ki, Paşinyan özünün bu sərxoş rəqsləri və “parlamentin” Şuşaya köçürülməsi kimi planları ilə tamamilə əksini – nəinki münaqişənin həlli istiqamətində irəliləməyə hazır olmamasını, hətta onun nizamlanmasından daha çox uzaqlaşdırmaq niyyətində olduğunu nümayiş etdirirdi. Belə təhqiramiz hərəkətlərlə hansı “kompromisdən” və “xoş məramdan” danışmaq olar? Bir sözlə, həmin gün Azərbaycan ictimaiyyətini, yumşaq desək, daha çox ehtiyatlandırdı.

Həmin “yallı” rəqsindən üç ay sonra, 2019-cu il avqustun 5-də işğal olunmuş Xankəndidə yeddinci Panerməni oyunlarının açılışında çıxış edən Nikol Paşinyan birdən-birə “Arsax Ermənistandır və nöqtə” deməklə hamını daha çox təəccübləndirdi. Ermənistan lideri həmin anda, əslində, danışıqlar prosesinin tabutuna birinci mıxı vurmuş oldu. Doğrudan da əgər Ermənistanda Qarabağın bu dövlətin “bir hissəsi” olduğunu qərara alıblarsa, onda hansı danışıqlardan söhbət gedə bilər, axı danışıqların mövzusu yoxa çıxmış olur.

Sözügedən tabuta növbəti mıx keçən il iyul ayında vuruldu: o vaxt Ermənistanda tamamilə mənasız, heç cür izah etmək mümkün olmayan hücum törədildi. Özü də bu hücum Azərbaycanın Tovuz rayonunda, strateji boru kəmərlərinin lap yaxınlığında və Qarabağ münaqişəsindən kifayət qədər uzaq bir ərazidə törədilmişdi. Bunu etmək nəyə lazım idi? Bunun mənası vardı? Azərbaycanın əsəblərinin möhkəmliyini yoxlamaq, yoxsa dünya birliyi öz enerji təhlükəsizliyi üçün yaranan təhdidə necə reaksiya verəcəyini testləşdirmək istəyirdilər? Həmin lokal qarşıdurmada hərbi baxımdan darmadağın olandan sonra yenidən Azərbaycanın dinc əhalisinə qarşı təxribatlar törətmək məqsədilə Azərbaycana kəşfiyyat-təxribat qrupu göndərmək nəyə lazım idi?

Ermənistan rəhbərliyi böyük siyasət üçün yaşlılara heç yaraşmayan əməlləri ilə sülh prosesini pozmaq və müharibəni labüd etmək üçün əlindən gələni əsirgəmədi.

Digər tərəfdən Azərbaycan Prezidenti danışıqlar prosesini xilas etmək üçün nə mümkündürsə edirdi. Axı 44 günlük müharibədən sonra tərəflərin əldə etdiyi nəticələrə bu mənasız insan tələfatı, əzab-əziyyət, dağıntılar olmadan da nail olmaq mümkün idi. Prezident Əliyev danışıqlar prosesini xilas etməyə çalışarkən məhz bunu əsas götürürdü! 2019-cu il oktyabrın 3-də Prezident Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasında çıxış edərək Ermənistan rəhbərliyini ağlını başına yığmağa və Qarabağın ilhaq edilməsi kursundan imtina etməyə çağırdı, xatırlatdı ki, “Qarabağ Azərbaycandır! Və nida işarəsi!” Sonralar bu cümlə şanlı Azərbaycan Ordusunun zəfər yürüşünün devizi, onun şifahi loqosu oldu. Hər bir yaşayış məntəqəsinin, hər bir kəndin, hər bir şəhərin, hər bir təpənin və yüksəkliyin azad edilməsi bu fraza ilə qeyd olunurdu! Azərbaycan döyüşçüləri şüşə kimi hamar Şuşa qalasına dırmaşarkən onların qəlbləri bu fraza ilə döyünürdü. Şəhidlərimiz son anda bu sözləri deyərək gözlərini yumurdular.

Nikol Paşinyan 2019-cu il avqustun əvvəlində qulaqlarını sallamış Dağlıq Qarabağ sakinləri qarşısında çıxış edərkən düşünməli idi. İndi hanı sənin dediyin “nöqtə”, Paşinyan? Hanı?

“Valday” klubunu iclasından bir həftə sonra, 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB üzvləri olan ölkələrin dövlət başçıları şurasının iclasında çıxış edən Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin təhlükəli hərəkətlərini – nasist kollaborasionistlərin, o cümlədən Qaregin Njde, Drastamat Dro və başqalarının qəhrəmanlar kimi qələmə verilməsini kəskin tənqid etdi. Ermənistana yenə ismarıc edildi: “Ağlınızı başınıza yığın!”, MDB ölkələrinin liderlərinə xəbərdarlıq edildi ki, Birliyin üzvü olan dövlətlərdən biri uçuruma yuvarlanır.

Nəhayət, düz bir il bundan əvvəl Münhen Təhlükəsizlik Konfransında iki lider arasında təkbətək savaş bütün bu dramın finalı oldu. İdmançıların dilində desək, həmin savaş parlaq ippon fəndi və Paşinyanın bütün dünyanın gözü qarşısında kürəyi üstə yıxılması ilə nəticələndi! Bu həqiqətən final, Ermənistanın ağlını başına yığması üçün Azərbaycanın ona verdiyi sonuncu şans idi.

Ermənilər bu şansdan istifadə etmədilər. Sonra nələr baş verdiyini isə bütün dünya əvvəlcə 2020-ci ilin iyul ayında, daha sonra “qızmar” payız fəslində gərgin vəziyyətdə müşahidə etdi.

Prezident İlham Əliyev sözünə sahib insandır. Onun sözləri ilə əməlləri heç vaxt bir-birinə zidd olmayıb və ən yeni tarix bunu göstərdi! O, Valdayda “Qarabağ Azərbaycandır! Və nida işarəsi!” deyəndə Ermənistanda çoxları gülürdülər. Amma atalar yaxşı deyib: Söz sonuncu gülənindir!

Bu gün Azərbaycan bayrağı Şuşa üzərində dalğalananda biz gülmürük, çünki bizim xalqımız heç vaxt başqasının kədərinə sevinməyib. Bu gün bizim gözlərimiz yaşla doludur. Bu, çoxdan gözlənilən qələbəyə görə sevinc göz yasları, qəhrəman xalqımıza və bizim liderimizə görə qürur göz yaşlarıdır, bizim ölməz qəhrəmanlarımız onun komandanlığı altında əllərindən gələni ediblər ki, bizim nəslimiz bu günü görsün!

Sağ olun, qorxubilməz igidlər! Sağ olun, bizim əziz Prezidentimiz!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.