SİYASƏT
İlham Əliyevin müəyyən etdiyi yuxarı hədd Nikol Paşinyan üçün əlçatmaz olaraq qalır
Bakı, 1 oktyabr, AZƏRTAC
Dünən Tacikistanın Avesta.tj portalında “Əliyev-Paşinyan qarşıdurması. Dünya kimin kim olduğunu bir daha yəqin etdi” sərlövhəli məqalə dərc edilib.
Məqalə müəllifi, ilk növbədə, oxucuları mövzu ilə tanış edir: “Rossiya-1” telekanalı ilə yayımlanan “60 minut” proqramının dünənki verilişi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrə həsr edilmişdi.
Daha sonra müəllif yazır: “Aparıcıların suallarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan cavab verirdi. İlham Əliyev siyasət aləmində öz sözünü deyib, ona qulaq asırlar, fikri ilə hesablaşırlar, Nikol Paşinyan isə siyasətdə təcrübəsiz adamdır, onun “arqumentləri”nin əksəriyyəti faktlardan daha çox emosiyalara, fərziyyələrə əsaslanır, dövlət səviyyəli siyasətçi bu cür hərəkətlərə yol verməməlidir. Hərçənd, Ermənistanın baş naziri bəlkə də, özünü artıq belə siyasətçi hesab edir”.
Məqalədə daha sonra Ermənistan lideri üçün öldürücü təsir bağışlayan səlis, əsasən ədalətli xarakteristikalar verilir: “Azərbaycan və Ermənistan liderlərinin səviyyələri, onların hansı siyasi müstəvilərdə olması barədə, xüsusən bu il fevral ayında keçirilmiş Münhen Təhlükəsizlik konfransında Əliyev-Paşinyan debatından sonra dünyada nəticə çıxarılıb.
“60 minut” proqramına qayıdaraq qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan liderlərinin çıxışlarına baxandan sonra əvvəlki təəssürat əsla dəyişməyib - İlham Əliyevin müəyyən etdiyi yuxarı hədd Nikol Paşinyan üçün əlçatmaz olaraq qalır.
Görünür, Azərbaycan Prezidentinə xas olan təmkinlilik, faktlar, diplomatiya, əsaslandırma, inam, səsin tonu, nitqin səlisliyi Ermənistanın baş nazirinə tanış deyil – onda bu cür mətinlik və siyasi təfəkkür yoxdur. Hərçənd, özünüz mühakimə yürüdün”.
Sonra telemüsahibənin tam mətni verilir.