MƏDƏNİYYƏT
İlham Namiq Kamal Musiqili Teatrda “3 gün sizinlə”
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti layihəyə start verib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış simaları öz sevimli tamaşaçılarının görüşünə gələcəklər. Bu dəfə isə Xalq Artisti İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların qarşısına çıxacaq. O, iyunun 16-da E.Sabitoğlu və C.Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Fərzəli, 17-də Ü.Hacıbəylinin “Ər və arvad” komediyasında Mərcan bəy və 18-də R.Mirişli və M.Haqverdiyevin “Amerikalı kürəkən” əsərində isə Orxan obrazını canlandıracaq.
Bu səhnə əsərlərində onun tərəf müqabilləri Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və başqaları olacaq.
“3 gün sizinlə” layihəsinin növbəti iştirakçısı isə Əməkdar Artist Almaz Ələsgərovadır.
Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.