MƏDƏNİYYƏT


İlham Namiq Kamal: tamaşaçılar mənim ifamda Bəbirlini sevəcəklər

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası növbəti dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşada baş rolu – Bəbirli obrazını Xalq Artisti İlham Namiq Kamal canlandıracaq.

Səhnə əsəri ilə bağlı fikirlərini bölüşən Xalq Artisti deyib: “Musiqili teatrın rus bölməsi tərəfindən hazırlanan bu məşhur operettada ilk dəfə səhnəyə çıxacağam. Bəbirli çox xarakterik bir obrazdır. Koloritli olduğu qədər də özünəməxsus düşüncə tərzinə malikdir. Rauf Hacıyevin möhtəşəm musiqisi isə şedevrdir. Bir məqamı xüsusi qeyd etmək istərdim ki, peşəkar aktyor üçün dil faktoru yoxdur. Əsas aktyorun plastikası, məharəti, oynadığı obrazı doğru-düzgün təqdim etmək bacarığına sahib olmasıdır. İnanıram ki, tamaşaçılar mənim ifamda Bəbirlini sevəcəklər”.

Beynəlxalq layihə kimi teatrın tarixinə yazılan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əli Usubov, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Leyla Ağayevadır. Tamaşada digər rolları Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Yuliya Heydərova, Rauf Babayev, Nicat Əli və Əliməmməd Novruzov ifa edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.