REGİONLAR
İlham Quliyev: Bu il barama istehsalını 250 tona çatdırmağı planlaşdırırıq
Qax, 29 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ildə respublikamızda 71 tona yaxın yaş barama istehsal olunub. Çin Xalq Respublikasından gətirilmiş 6 min qutu yüksək keyfiyyətli barama toxumu hesabına bu il barama istehsalını 250 tona çatdırmağı planlaşdırırıq. Bu, keçən ildəkindən 3,5 dəfə çoxdur. İpəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən proqrama uyğun olaraq barama istehsalının hər il artırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qax Damazlıq İpəkçilik Stansiyasında aran rayonlarının kümçülərinə ipəkqurdlarının paylanılması ilə əlaqədar keçirilən tədbirdə jurnalistlərə müsahibəsində bildirib.
Dövlət tərəfindən baramaçılığın inkişafına böyük dəstək göstərildiyini vurğulayan nazir müavini bu il yaş baramanın hər kiloqramına 5 manat subsidiyanın veriləcəyini, eyni zamanda, “Şəki-İpək” ASC tərəfindən də istehsalçılara 4 manat ödəniləcəyini diqqətə çatdırıb. “Ümumilikdə, təhvil verdiyi bir kiloqram yaş barama üçün istehsalçı 9 manat alacaq. Bu, istehsalçılara çox böyük dəstəkdir, qısa zaman ərzində xeyli əlavə gəlir deməkdir. Orta hesabla bir kümçü mövsüm ərzində 200-300 kiloqram barama təhvil versə, 1800-2700 manat qazanc əldə edəcək, ailələrin gəlirləri artacaq”, - deyə İlham Quliyev bildirib.