İDMAN
İlham Zəkiyev: Bu dünya çempionatı mənim üçün yaddaqalan oldu
Bakı, 22 sentyabr, AZƏRTAC
Cüdo üzrə dünya çempionatı tarixi bir hadisədir. Dünya və Olimpiya çempionları Bakıda bir araya gəliblər. Yarış bizim idmançılar üçün uğursuz başlasa da, hələ əsas medal ümidlərimiz qabaqdadır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ikiqat Paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, cüdoçu İlham Zəkiyev deyib.
İlham Zəkiyev bildirib ki, Azərbaycanda idmançılara göstərilən diqqət və qayğı ölkə başçısı, idmançıların dostu İlham Əliyevin adı ilə bağlıdır. “Bu dünya çempionatı mənim üçün yaddaqalan oldu. Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Varta cüdoda qazandığım nailiyyətlərə görə mənə 7-ci Dan Qara Kəmər təqdim etdi”, - deyə İlham Zəkiyev bildirib.
Növbəti yarışlar barədə məlumat verən İlham Zəkiyev qeyd edib: “Noyabr ayında Portuqaliyada paralimpiyaçılar arasında dünya çempionatı keçiriləcək. Rəqiblərim barədə məlumatım var. Çalışacağam ki, bu dünya çempionatında da qələbə qazanım”.