ORDU
İlhami Quliyev: “Dəniz kuboku" beynəlxalq yarışı altı çalışmadan ibarət olacaq VİDEO
Bakı, 15 avqust, AZƏRTAC
Ölkəmizdə artıq 5-ci dəfədir ki, “Dəniz kuboku” beynəlxalq yarışı keçirilir. Bu müsabiqə Xəzər sahili ölkələrin hərbi dənizçiləri arasında baş tutur. Müxtəlif ölkələrin hərbi dənizçiləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından bu kimi yarışlar mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Hərbi Dəniz Qüvvələrinin zabiti, 2-ci dərəcəli kapitan İlhami Quliyev deyib.
O qeyd edib ki, yarış altı çalışmadan ibarət olacaq. “Bunlar dəniz hədəfinə atəşin yerinə yetirilməsi, üzən minanın məhv edilməsi, hava hədəfinə atəş açılması, gəminin çəlləyə qoyulması, su ilə mübarizənin təşkili və xilasetmə vasitələrinin istifadəsidir. Bundan sonra ölkələr üzrə müvafiq yerlər müəyyən olunaraq mükafatlandırma mərasimi keçiriləcək. Sonda isə “Dəniz kuboku" beynəlxalq yarışının bağlanış mərasimi olacaq”, - deyə İ.Quliyev bildirib.