REGİONLAR
İlin birinci yarısında Füzulidə 4 milyon 596,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb
Füzuli, 13 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunda 2018-ci ilin birinci yarısında ümumi məhsul buraxılışının həcmi 86.401,8 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 4661,5 min manat investisiya qoyulub, 4596,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Horadiz şəhərində 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin hesabat məruzəsində bildirilib ki, birinci yarımildə rayonda tikinti-quruculuq işləri davam etdirilib. “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə abidə kompleksi inşa edilib. Hazırda Horadiz şəhərində Bayraq Muzeyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin rayon şöbəsi üçün inzibati binanın, Bala Bəhmənli kəndi ərazisində Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir.
Yığıncaqda aqrar sahədə görülən işlərdən bəhs edilərkən bildirilib ki, rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli rayonu yeddinci ildir ki, 100 min tondan çox taxıl istehsal edən rayonlar sırasındadır. Bu il rayonda 36 min hektardan çox sahədə taxıl becərilib, 108 min 217 ton məhsul əldə edilib. Taxıl istehsalında rayonda yaradılan dörd iri taxılçılıq təsərrüfatlarının rolu böyükdür.
Qeyd edilib ki, rayonda ənənəvi təsərrüfat sahələri olan pambıqçılıq və baramaçılıq da inkişaf etdirilir. Rayon kümçüləri bu il 37,5 tondan artıq yaş barama istehsal ediblər. Bu göstərici ilə Füzuli rayonu respublikada ən çox barama istehsal edən rayonlar sırasındadır. 2100 hektar sahədə pambıq becərən “ağ qızıl” istehsalçıları da ili yüksək nəticələrlə başa vurmaq niyyətindədirlər.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman, xidmət sahələrində görülmüş işlər təhlil olunub, uğurlarla yanaşı mövcud problem və çatışmazlıqlar da göstərilib, qarşıda duran vəzifələr müəyyən edilib.