REGİONLAR
İlin birinci yarısında Tərtərdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 32,6 faiz artıb
Tərtər, 10 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 130 milyon 798,3 min manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 32,6 faiz çoxdur. Məhsul və xidmətlərin 73,8 faizi istehsal sahələrinin, 26,2 faizi xidmət sahələrinin payına düşüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tərtər Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, 2022-ci ilin yanvar-iyun aylarında 8 milyon 527,5 min manatlıq sənaye, 56 milyon 423,5 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. 31 milyon 522,1 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, 32 milyon 835,3 min manatlıq ticarət və xidmət sahəsində, 1048,2 min manatlıq nəqliyyat və anbar təsərrüfatı sahəsində, 441,7 min manatlıq informasiya və rabitə sahələrində məhsul və xidmətlər göstərilib. Sənaye istehsalı 2,2 dəfə, tikinti-quraşdırma işləri 3,9 dəfə, nəqliyyat xidmətləri 37,4 faiz, informasiya və rabitə xidmətləri 6,4 faiz artıb.