İQTİSADİYYAT
İlin birinci yarısında neft qiymətləri 60 dollardan aşağı olacaq
Bakı, 16 yanvar, AZƏRTAC
2021-ci ilin birinci yarısında neft qiymətləri 60 dollardan aşağı olacaq.
AZƏRTAC xəbər verir ki, bu proqnozla “PricewaterhouseCoopers” (PwC) konsaltinq şirkəti çıxış edib.
Bildirilir ki, ilin birinci yarısında neft qlobal tədarükünün böhrandan əvvəlki səviyyələrdən çox aşağıda qalacağı gözlənilir. Lakin neft qiymətləri ilin ikinci yarısında artacaq.
“Neft qiymətləri son zamanlarda 2020-ci ildəki ən aşağı səviyyələrdən yuxarı qalxsa da, yenə də nisbətən təzyiq altında qalmaqda davam edəcək. Yaxın Şərqdə hər hansı geosiyasi inkişaf olmadığı təqdirdə, xüsusilə şimal yarımkürəsindəki iqtisadiyyatlarda neft tələbatı Çində bərpa prosesinə baxmayaraq, ilin ilk 6 ayı ərzində azalmaqda davam edəcək. COVID-19-a qarşı peyvəndin daha geniş yayılması və iqtisadi fəaliyyətin sürətlənməsi fonunda “qara qızıl”ın qiymətlərinin 2021-ci ilin ikinci yarısında artma ehtimalı yüksəkdir. Neft hasilatı səviyyələrində də oxşar tendensiya gözlənilir. İlin birinci yarısında neft tədarükünün böhrandan əvvəlki səviyyələrdən çox aşağıda qalacağı, tələbatın artması fonunda isə tədricən yüksələcəyi gözlənilir”, - deyə şirkətin məlumatında qeyd olunur.