MƏDƏNİYYƏT
İlin ən iddialı qorxu filmi "Gülümsə" ABŞ prokatında liderdir
Bakı, 3 oktyabr, AZƏRTAC
İlin ən iddialı qorxu filmlərindən hesab edilən, rejissor Parker Finnin çəkdiyi və baş rolda Sosi Bekonun oynadığı "Gülümsə" Amerika prokatının yeni lideri olub.
AZƏRTAC xəbər verir ki, istehsal xərci 17 milyon dollara başa gələn ekran əsəri nümayişinin ilk həftəsində 22 milyon dollar gəlir əldə edib.
Ötən həftə 19,2 milyon dollar qazancla ABŞ-da kassa gəliri üzrə lideri olan “Narahat olma əzizim” ekran işi nümayişinin ikinci həftəsində siyahıda ikinci sıraya geriləyib. Filmin gəliri ötən həftə ilə müqayisədə 62 faiz aşağı düşərək 7.3 milyon dollara çatıb.
Daha əvvəl ABŞ-ın bilet satışı kassalarında lider olan “Oskar” mükafatçısı Viola Devisin baş rolu ifa etdiyi "Qadın Kral" tarixi döyüş ekran əsəri isə nümayişinin üçüncü həftəsində siyahıda üçüncü yerə enib.
Həftənin yeni filmlərindən biri olan " Qardaşlar" siyahıda 4-cü yerdə qərarlaşıb. Beşinci sıraya baxdığımızda dünya üzrə ümumi gəliri 40 milyon dollara çatan “Avatar”ı görürük.