REGİONLAR
İlin əvvəlindən Bərdədə 6786 baş heyvan süni mayalandırılıb
Bərdə, 12 oktyabr, AZƏRTAC
Cari ilin 9 ayında Bərdə rayonunda 6786 baş inək və düyə süni yolla mayalandırılıb. Ötən il mayalandırılmış heyvanlardan bu il 2903 baş sağlam bala alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Bu barədə AZƏRTAC-a rayon Kənd Təsərrüfatı İdarəsinin heyvandarlıq sektorunun müdiri Bəhruz Abbasov məlumat verib. İdarənin təmsilçisi bildirib ki, əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Cari ilin ötən dövründə Bərdə rayonu üzrə 1245 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 1404 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 140 min 400 manat məbləğində subsidiya ödənilib. Son iki ayda doğulan buzovlar üçün də subsidiya hesablanıb və yaxın günlərdə heyvan sahiblərinə ödəniləcək. Subsidiyalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi” Qaydasına əsasən verilir.