REGİONLAR
İlin əvvəlindən bəri Ağcabədidə süni mayalama yolu ilə 2013 baş buzov alınıb
Ağcabədi, 20 oktyabr, AZƏRTAC
Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2018-ci ildə də uğurla davam etdirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2018-ci ilin doqquz ayında rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 3689 baş inək və düyə süni yolla mayalandırılıb, 2013 baş sağlam cins buzov alınıb. Mayalama zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Görülən tədbirlər nəticəsində Ağcabədi rayonunda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb, ət və süd istehsalı artıb.