REGİONLAR
İlin əvvəlindən bəri Ağcabədidə süni mayalanma yolu ilə 2446 baş cins buzov alınıb
Ağcabədi, 7 dekabr, AZƏRTAC
Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2018-ci ildə uğurla davam etdirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2018-ci ilin 11 ayında rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 4519 baş inək və düyə süni yolla mayalandırılıb, 2446 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı, əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumlarından istifadə edilir.
Əldə olunan yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım verilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Cari ilin doqquz ayı ərzində Ağcabədi rayonu üzrə 1146 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış 1570 buzovun hər birinə 100 manat olmaqla, 157 min manat məbləğində subsidiya ödənilib. Son iki ayda doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək. Subsidiyalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi” Qaydasına əsasən ödənilir.