REGİONLAR
İlin əvvəlindən bəri Şəkidə heyvan sahiblərinə 198,4 min manat subsidiya ödənilib
Şəki, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin 9 ayında Şəki rayonunda 5189 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 188 baş çoxdur. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 2384 baş buzov və balaq doğulub. Doqquz ayda Şəki rayonu üzrə 1646 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1984 baş cinsi yaxşılaşdırılmış buzova görə 198 min 400 manat subsidiya ödənilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 384 baş damazlıq düyə alınıb gətirilib. Bu işin gələcəkdə də davam etdiriləcəyini vurğulayan sektor müdiri deyib: “Şübhəsiz ki, hər il rayona gətirilən az sayda damazlıq düyələr hesabına ailə təsərrüfatlarında mövcud olan 71 min başdan artıq mal-qaranın qısa müddətdə cinsini yaxşılaşdırmaq mümkün olmayacaq. Ona görə də son vaxtlar fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalama tədbirlərinə üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır”.
Nazim Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 4 ildə Şəki rayonu üzrə 4737 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 5809 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 580 min 900 manat subsidiya ödənilib.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, cari ilin 9 ayında Şəki rayonunda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 293 ton artaraq 8 min 376 ton, süd istehsalı isə 181 ton artaraq 48 min 273 ton olub.