REGİONLAR
İlin əvvəlindən bəri muxtar respublikada 10 nəfər icbari tibbi sığorta ilə pulsuz cərrahi əməliyyatı olunub
Naxçıvan, 12 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə muxtar respublikada 9 nəfər icbari tibbi sığorta ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Diaqnostika-Müalicə Mərkəzində, Doğum Mərkəzində və Kardioloji Mərkəzdə müalicə alıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu günlərdə icbari tibbi sığortadan yararlanan daha bir nəfər də pulsuz cərrahi əməliyyat edilib. Belə ki, icbari tibbi sığorta olunan Sədərək kənd sakini 49 yaşlı Vidadi Rzazadə Sədərək Rayon Mərkəzi Xəstəxanasına ürək nahiyəsində yaranan ağrı ilə müraciət edib və müayinə olunub. Müayinə nəticəsində onun ürəyində ciddi problemlər aşkar edilib. O, xəstəxana tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə göndərilib. Mərkəzin kardioloq-angioqrafı Nail Mehbalıyev tərəfindən damarlarda yaranmış problemlər aradan qaldırılıb və ürəyin qan dövranı tam bərpa olunub. Birgünlük həkim müşahidəsindən sonra xəstə sağalmış halda evə buraxılıb.
Vidadi Rzazadəyə göstərilən bütün tibbi xidmətlərin xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ildə ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqinə başlanılacaq. Artıq muxtar respublikada bununla bağlı müəyyən işlər görülüb. Ali Məclisin Sədri bu il martın 18-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb və sistemin 2020-ci ildən tam fəaliyyətə başlamasının təminatı ilə əlaqədar zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.