REGİONLAR
İlin əvvəlindən bu günədək fermerlərə 30 milyon manatdan artıq kredit verilib
Bakı, 21 fevral, AZƏRTAC
İlin əvvəlindən bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına fermerlərə 30 milyon manatdan artıq kredit verilib. Ayrılan kreditin 17 milyon manatdan çoxu güzəştli texnika krediti, 11 milyon manatı mikrokredit, 2 milyon manatı isə digər aşağı faizli kənd təsərrüfatı təyinatlı kreditlərdir. Bunlar arasında məbləğ baxımından texnika kreditləri üstünlük təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal AZƏRTAC-a bildirib ki, hesabat dövründə fermerlərə 1195 mikrokredit, 685 güzəştli texnika krediti və 68 digər təyinatlı aşağı faizli kreditlər ödənilib. Ayrılan kredilərtdən 1948 fermer yararlanıb.
AKİA rəsmisi əlavə edib ki, Azərbaycan Respublikası Prezidentin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, kənd təsərrüfatı texnikasını əldə etmək istəyənlərin əvəzinə texnika dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir. Yəni, texnika alışının maliyyələşməsinə 40 faiz güzəşt (subsidiya) verilir. Alıcı ilkin ödəniş kimi texnika dəyərinin 20 faizini edir. Yerdə qalan 40 faiz isə fermerə müvəkkil kredit təşkilatları vasitəsi ilə güzəştli kredit və ya lizinq formasında verilir. Cari il ərzində fermerlər kreditlə 2442 texnika və avadanlıq əldə ediblər. Bunlardan 16-sı kombayn, 504-ü traktor, 94-ü suvarma sistemi, 1828-i isə digər texnika və avadanlıqlardır.
Qeyd edək ki, heyvandarlığa da dövlət dəstəyi göstərilir. Belə ki, damazlıq heyvanın satış dəyərinin 60 faizi dövlət hesabına ödənilir. Sahibkar ilkin ödəniş kimi 25 faizi ödəməlidir. Damazlıq heyvanın dəyərinin qalan hissəsi isə kredit kimi rəsmiləşdirilir.
Xatırladaq ki, fermerlərə təklif olunan mikrokreditlər illik 12 faizlə, 1 il güzəşt dövrü olmaqla 3 ilədək müddətə verilir. Bu zaman fermerlərdən hər hansı bir girov tələb olunmur. Mikrokreditlər üçün maksimal məbləğ 15 min manat təşkil edir.
Digər aşağı faizli kreditlər (damazlıq heyvan alışı və müxtəlif kənd təsərrüfatı təyinatlı) isə illik 7 faizlə, 2 ilidək güzəşt dövrü və 5 ilədək müddətə verilir.