CƏMİYYƏT


“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Milli Məclisin gənclər və idman komitəsinin təşəbbüsü, AzEdu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentdə keçirilən tədbirdə çıxış edən gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bu müsabiqənin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar təşkil olunduğunu deyib.

Komitə sədri Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki, Cümhuriyyətin mövcud olduğu iki il ərzində 200-dən çox qanun qəbul edilib, dövlətçiliyin əsasları qoyulub, 20-yə yaxın dövlət Azərbaycanın müstəqilliyini tanıyıb.

Ülvi Quliyev söyləyib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra parlamentdə gənclərlə görüşüb. Bu görüşün əsas məğzi gənclər siyasətinə, mənəvi-əxlaqi məsələlərə həsr olunub. 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı ildə ilk Gənclər Forumu keçirilib. Ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərilir, onlarla görüşlər keçirilir, problemləri dinlənilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti həyata keçirilir, bu istiqamətdə tədbirlər davam etdirilir.

Təhsil sahəsində görülən işlərdən danışan komitə sədri bildirib ki, parlamentdə bununla bağlı mühüm qanunvericilik aktları qəbul edilib.

Tədbirdə digər çıxış edənlər bu cür müsabiqələrin təşkilinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, hazırda ölkədə 42 mindən çox gənc müəllim işləyir. Bu müsabiqədə əsasən bölgələrdən işləyən müəllimlər iştirak ediblər. Vurğulanıb ki, son dövrdə bölgələrdə yerləşən təhsil müəssisələrində çalışmaq istəyən gənc müəllimlərin sayının artması sevindirici haldır.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Birinci yerə Laçın rayonu Taxtakörpü kənd məktəbinin müəllimi Şəbnəm Cəbrayıl, ikinci yerə İsmayıllı kənd orta məktəbinin müəllimi Şahid Muradlı, üçüncü yerə isə Bakı şəhəri 225 nömrəli tam orta məktəbin müəllimi İradə Zülfüqarova layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.