İQTİSADİYYAT
İlin ilk altı ayında Səngəçaldan 141 milyon barreldən çox neft və kondensat göndərilib
Bakı, 1 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Səngəçal terminalı üçüncü tərəf həcmləri də daxil olmaqla 141 milyon barreldən çox neft və kondensat, o cümlədən 124 milyon barrel Bakı-Tbilisi-Ceyhanla (BTC), təxminən 16 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 1 milyon barrel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, altı ay ərzində terminaldan, həmçinin gündəlik orta hesabla 27 milyon standart kubmetr (təqribən 963 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac olunub.
Hesabat dövründə AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 32 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetr təşkil edir.
Qaz Səngəçal terminalından əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.