CƏMİYYƏT


İlin ötən dövrü ərzində Azərbaycanda 3346 zəlzələ baş verib 

Bakı, 4 dekabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) il ərzində aparılan elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair şöbələr üzrə hesabatların təqdimatı başlayıb.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, RSXM-in Elmi-Texniki Şurasının iclasında çıxış edən baş direktor, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli əvvəlcə Moskvada keçirilən “EcoWorld-2018” Beynəlxalq Ekoloji Müsabiqəsi haqqında məlumat verib. O, bildirib ki, sürüşmələr üzrə aparılan tədqiqatların nəticəsinə görə Respublika Seysmoloji Xidmət Mərkəzinin müsabiqədə iştirak edən ölkələr arasında birinci yerə çıxması kollektiv üçün böyük uğurdur. Baş direktor daha sonra gündəliyi elan edib.

İclasda mərkəzin zəlzələlərin tədqiqatı bürosunun rəisi Səidə İsmayılovanın “Azərbaycan və ətraf bölgələrin seysmikliyinin tədqiqi”, zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımovanın “Zəlzələ ocaqlarının tədqiqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti”, seysmoloji materialların təhlili və təfsiri şöbəsinin müdiri Rasimə Abdullayevanın “Seysmik məlumatlar əsasında zəlzələlərin xəbərverici əlamətlərinin tədqiqi, zəlzələlərin və partlayışların müqayisəli analizi”, makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyevin “Hiss olunan zəlzələlərin makroseysmik tədqiqi”, maqnitometriya şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayevin “2018-ci ildə Şəki-Şamaxı, Talış Kürətrafı və Xəzəryanı-Quba vilayətində qravimaqnito-metrik tədqiqatlar”, qravimetriya şöbəsinin müdiri Elçin Bağırovun “2018-ci ildə stasionar və diskret qravimetrik tədqiqatlar”, geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımovun “Azərbaycan ərazisinin GPS məlumatların əsasında geodinamikası” mövzusunda illik hesabatları dinlənilib.

Bildirilib ki, il ərzində Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsilə 7 minə yaxın yeraltı təkan qeydə alınıb. Onlardan 4 minə qədəri Azərbaycan və ona bitişik ərazilərdə baş verən, 3000 -ə yaxını isə uzaq zəlzələlərdir. İlin ötən dövrü ərzində Azərbaycanda 3346 zəlzələ baş verib. Onlardan ən güclüsü iyunda Zaqatalada qeydə alınıb və maqnitudası 5,5-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss edilib. Hesabatlarda, həmçinin il ərzində respublika ərazisində seysmik aktivlik, zəlzələ ocaqlarının vəziyyəti, baş verən zəlzələlərin mexanizmləri və s. kimi məsələlər haqqında da ətraflı məlumatlar verilib.

Müzakirələrdən sonra AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Əkbər Feyzullayev, akademiyanın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Çingiz Əliyev və digərləri çıxış edərək təqdim edilən hesabatları müsbət qiymətləndirib, həmçinin elmi tədqiqatların sahəsinin genişləndirilməsinə dair öz təkliflərini veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.