CƏMİYYƏT
İlin ötən dövrü ərzində müharibə əlillərinə 120 avtomobil təqdim olunub VİDEO
Bakı, 11 oktyabr, AZƏRTAC
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 20 Vətən müharibəsi əlilinə minik avtomobilləri təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişi ilə nazirlik tərəfindən şəhid ailələri və müharibə veteranları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunduğunu vurğulayıb.
Qeyd olunub ki, həmin dəstək paketi üzrə 119 min şəxsə 243 min xidmət göstərilib. Dəstək tədbirlərinin bir istiqaməti kimi, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı beş dəfə genişlənib. Həmin dövrdə onlara 3900 mənzil verilib. Ümumilikdə ötən dövrdə isə 12 min 900-dən çox mənzil və fərdi ev həmin kateqoriyalara aid vətəndaşlara təqdim olunub.
Sosial dəstək tədbirlərinin bir istiqaməti də müharibə əlillərinin avtomobillə təminatıdır. Təqdim edilən 20 avtomobil də daxil olmaqla müharibə əlillərinə 2022-ci ildə 120, postmüharibə dövründə 284, ümumən ötən dövrdə 7 min 500 avtomobil verilib.
Yeni avtomobillə təmin olunan müharibə əlilləri onların rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işləri razılıqla qeyd edib, göstərilən hərtərəfli qayğıya, bu gün isə avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Vətən müharibəsi qazisi Hacı Orucov müharibənin ilk günündən son gününə qədər ərazi bütövlüyümüz uğrunda döyüşüb. Könüllü olaraq qoşulduğu haqq savaşımızda Füzuli, Xocavənd və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib. Cəsarətinə və verilən tapşırıqları uğurla tamamladığına görə tağım komandiri təyin olunub. Noyabrın 8-də isə Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb. Ölkə başçısının sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Dövlətin göstərdiyi diqqət və qayğıdan məmnunluğunu ifadə edən qazi bildirib: “Mənə üçüncü qrup əlillik təyin olunub. Sosial dəstək proqramları ilə əhatə olunmuşam. Bu gün isə avtomobillə təmin edildim. Qayğıkeş münasibətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Digər qazi Namiq Salayev isə Vətən müharibəsi başlananda iki il idi ki, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edirdi. O, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 16-da Füzuli rayonunun azad edilməsi uğrunda qızğın döyüşdə snayper gülləsinə tuş gəlib. Sağ ayağından güllə yarası alan N.Salayev həmin ətrafda hissiyyatının itdiyini deyib: “İkinci qrup əllilik təyin olunub. Hazırda fizioterapiya müalicəm davam edir. Bu gün mənə təqdim edilən maşınla müalicəyə daha rahat gedəcəyəm. Ümidvaram ki, sağlamlığım bərpa olunacaq. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdaram. Müsəlləh əsgər kimi hər zaman Vətən müdafiəsinə hazıram”.
Qeyd edək ki, Namiq Salayev “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.