CƏMİYYƏT
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 24 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən ali məktəblərin tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyununun, futzal yarışının və “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri yanvarın 24-də mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Komitənin tələbələr arasında artıq doqquzuncu ildir “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir. S.Möhbalıyev qeyd edib ki, təhsil sistemində çalışan gənclər arasında ötən il Azərbaycan Həmkarlar İttifaqları Komitəsinin İcraiyyə Komitəsinin qərarı ilə ATİAHİ Respublika Komitəsi tərəfindən “İlin peşəkar gənci” müsabiqəsi də keçirilib. Hər üç müsabiqənin iştirakçılarının gənclər olduğunu vurğulayan Komitə sədri deyib ki, belə tədbirlərin təşkilində məqsəd gənclərimizin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, təhsilə marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
S.Möhbalıyev gənclərimizin sağlam, savadlı böyümələrinin, onların peşəkarlıq səviyyəsinin artırılmasının, layiqli vətəndaş kimi yetişmələrinin Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti “Qara qızılın insan kapitalına” çevrilməsi ideyasının müəllifi olan Prezident İlham Əliyevin “Bugünkü gənclər sabah ölkəmizi idarə edəcəklər” tezisinə əsaslanır. Son 16 ildə gənclər sahəsində icra olunan dövlət proqramları, qəbul edilmiş qərarlar, inkişaf strategiyaları bunun əyani sübutudur. O, bu baxımdan Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurla icra olunduğunu vurğulayıb.
ATİAHİ Respublika Komitəsinin də Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə fəal töhfə verməyə çalışdığını vurğulayan AHİK sədri deyib: “Çalışırıq ki, gənclərə diqqət və qayğı göstərək, onlara dəstək olaq. Bu məqsədlə ATİAHİ Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktiki konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər təşkil edilir. Bu tədbirlərə qatılan gənclərin marağının və sayının ildən-ilə əhəmiyyətli dərəcədə artması belə tədbir və yarışların daha intensiv keçirilməsinə və onların əhatə dairəsinin genişləndirilməsinə səbəb olub”.
Sonra hər üç müsabiqənin qalibləri mükafatlandırılıb. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.