İDMAN
“İlin qalibləri-2018” müsabiqəsi üzrə namizədlər açıqlanıb
Bakı, 7 dekabr, AZƏRTAC
İdman Araşdırmalar Mərkəzi (İAM) “İlin qalibləri-2018” layihəsinin icrasına başlayıb.
İAM-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlki layihələrlə müqayisədə bu dəfə nominasiyaların adlarında və tərkibində bəzi dəyişikliklər edilib. “İlin komandası” və “İlin idman jurnalisti” nominasiyaları siyahıdan çıxarılıb. “İlin baş məşqçisi” nominasiyası üzrə seçimlərin isə bütün növlər üzrə aparılması qərara alınıb.
Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında “İlin idman xadimi”, “İlin idmançısı”, “İlin əcnəbi idmançısı”, “İlin futbolçusu”, “İlin məşqçisi”, “İlin idman yarışı” nominasiyaları üzrə sorğu keçiriləcək. Jurnalistlər təklif olunan namizədlərdən əlavə, özlərinin layiq bildikləri şəxsi də seçə bilərlər.
Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın 18-də Bakı Olimpiya Stadionunda mükafatlandırılacaq.
Ardıcıl altı ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, informasiya dəstəyi “Report” agentliyi, baş sponsoru “Topaz”, sponsoru isə “IL'Azero” şirkətidir.