İQTİSADİYYAT
İlin son rübündən başlayaraq İran Azərbaycan və Rusiyaya dəniz məhsulları ixrac edəcək
Tehran, 7 sentyabr, AZƏRTAC
Cari ilin son rübündən başlayaraq İran Azərbaycan və Rusiyaya dəniz məhsullarının ixracını həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Balıqçılıq Təsərrüfatı Təşkilatının rəhbəri İsa Gülşahi mətbuata məlumat verib. O bildirib ki, dəniz məhsulları və balıq dəmir yolu vasitəsilə Azərbaycandan tranzit olaraq Rusiyaya ixrac ediləcək.
İ.Gülşahi nəzərə çatdırıb ki, İran ilə Azərbaycan dəmir yolu əlaqəsinə malikdir. İxrac ediləcək məhsullar İran Astarasından dəmir yolu vasitəsilə Azərbaycanın Astara şəhərinə, oradan isə Rusiyaya göndəriləcək. Gələcəkdə məhsul istehsalı artacağı təqdirdə İran Azərbaycanın və Rusiyanın dəmir yollarından tranzit olaraq istifadə edərək məhsullarını Avropa ölkələrinə də ixrac edəcək.
Nəzərə çatdırmaq lazımdır ki, İran Xəzər və Oman dənizləri, eləcə də Fars körfəzi sahillərində inkişaf etmiş balıqçılıq təsərrüfatına malikdir. Adıçəkilən su hövzələrindən ildə minlərə ton müxtəlif növ balıq və digər dəniz məhsulları əldə edilir və ixrac üçün böyük potensial yaranıb.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti ixrac üçün əlverişli şərait yaradıb. Yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Hələlik balıq və digər dəniz məhsulları yük maşınları ilə Astara şəhərinə çatdırılaraq buradan qatarla Azərbaycan və Rusiyaya göndəriləcək. Yaxın gələcəkdə Rəşt-Astara dəmir yolu xətti istismara verildikdən sonra məhsullar birbaşa Oman və Fars körfəzi sahilindən qatara yüklənərək Azərbaycana və Rusiyaya ixrac ediləcək.
Qeyd etmək lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Azərbaycan üzərindən dəniz məhsullarının ixracı yalnız İran ilə məhdudlaşmayacaq. Cənub-Şərqi Asiya ölkələri Hind Okeanında yerləşdikləri üçün dəniz məhsulları ixrac etmək potensialına malikdirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran