İQTİSADİYYAT
İlin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq
Bakı, 10 oktyabr, AZƏRTAC
İlin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.
R.Quluzadə qeyd edib ki, nazirliyin əsas fəaliyyət istiqamətlərindən olan telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərin göstərilməsi üzrə müvafiq işlər aparılır. Bu istiqamətdə regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə şimal, qərb və cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.
Nazir bildirib ki, Bakı şəhərində bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Bu layihələr nəticəsində ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib.
O, həmçinin qeyd edib ki, görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb.