İQTİSADİYYAT
İlin sonunadək Azərbaycandakı xarici neft-qaz şirkətlərində işçi heyətinin 90 faizini milli kadrlar təşkil edəcək
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının beşinci ildönümü ilə bağlı hesabat toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və digər rəsmi şəxslər iştirak edib.
Əvvəlcə Milliləşdirmə Proqramının nailiyyətlərindən bəhs edən “Uğur hekayələri” filmi nümayiş olunub.
2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə neft-qaz sənayesinin işçi heyətinin milliləşdirilməsi, eləcə də neft-qaz sektoru üzrə bilik, bacarıq və səriştəlilik bazasının yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Ötən dövr ərzində SOCAR Azərbaycanın dövlət qurumları, müvafiq icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində neft-qaz sektoru kontingentinin milliləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət aparıb, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım olan beynəlxalq təcrübəyə malik mütəxəssislərin Azərbaycanda hazırlanmasını əsas hədəf götürüb. Ölkəmizdə həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələli şəkildə milli kadrlarla əvəzlənməsi üçün təlim-tədris istiqamətində kurslar və təlimlər təşkil olunub. Bakı Ali Neft Məktəbi, habelə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi məqsədilə beynəlxalq standartlara cavab verən 5 Təlim Mərkəzi yaradılıb. Milliləşdirmə Proqramı qəbul edilmiş prosedur qaydalara və layihələrə uyğun həyata keçirilməkdədir.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev deyib: “Neft-qaz sektorunda Milliləşdirmə Proqramının müəllifi olan Prezident İlham Əliyev ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR-ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrələrini verib. Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi göstəriciləri kifayət qədər yüksəkdir. 2013-cü ildə “BP Azerbaijan” şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77 faiz civarında olduğu halda 2018-ci ilin sonuna işçi heyətin artıq 90 faizi milli kadrlardan ibarətdir”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti isə Q.Counz bildirib: “Biz Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlar ilə birlikdə bu hədəfə nail olmağımızla qürur duyuruq. Bu, Azərbaycandakı əməliyyatlarımızda personalın milliləşdirilməsini sürətləndirmək və işçi qüvvəsini inkişaf etdirmək üçün qəbul etdiyimiz uzunmüddətli strategiyanın və öhdəliklərin bir hissəsidir. Biz birgə səylərimizin uğurlu nəticəsini görməkdən məmnunuq və Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da davam etdirəcəyik”.
Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və başqaları çıxış edib. Çıxışlarda Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə üzrə göstəricilərin yüksək olduğu bildirilib, görülmüş işlərin yerli mütəxəssislərin transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak etməsinə və əhalinin məşğulluğunun artırılması istiqamətində yeni əmək bazarının formalaşmasına şərait yaradacağı vurğulanıb.