İQTİSADİYYAT
İlin sonunadək Bakıdan Qəbələyə dəmir yolu ilə getmək mümkün olacaq
Bakı, 17 sentyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC Ləkidən Qəbələyə çəkilən dəmir yolunu bu ilin sonunadək istismara verməyi planlaşdırır.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bu layihə çərçivəsində aparılan tikinti işlərinin artıq 82 faizi tamamlanıb. Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı-Böyük Kəsik dəmir yolu xəttinin “Ləki” stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 kilometr təşkil edir.
Yolun layihələndirmə işlərinə xarici ekspertlər cəlb olunub, tikinti işləri isə yerli mütəxəssislər tərəfindən aparılıb. Qəbələyə çəkilən dəmir yolunun keçdiyi ərazilər asan relyefə malik olmadığından bu xəttin çəkilməsi dəmiryolçulara böyük zəhmət və çətin sınaqlar hesabına başa gəlib. Tikintisi iki ildir davam edən yolda 7 körpü, 6 avtomobil tuneli, bir yolötürücü, 2 heyvan keçidi, 106 suötürücü boru kimi süni mühəndis qurğuları tikilərək başa çatdırılıb.
Bundan başqa, yolda elektrik dirəkləri və bir ədəd dartı yarımstansiyasının tikintisi tamamlanıb və kontakt şəbəkəsinin quraşdırılması üçün son işlər davam etdirilir. Bu yolda kəsintisiz 800 metrlik relslərdən istifadə olunub ki, bu da sərnişinlərin komfortlu səyahət keçirməsinə, eləcə də səs çirklənməsinin qarşısının alınmasına hesablanıb. Yolda təhlükəsizliyi təmin etmək üçün ümumi uzunluğu 85 min poqonmetr olan metal hasar da çəkilir.
Qəbələyə çəkilən yeni yolda bir dayanacaq və bir stansiya olacaq. Onlardan biri Ağdaşda, digəri isə Qəbələdə tikilir. Yolda, həmçinin işarəvermə və rabitə sistemi üçün bir məntəqə də inşa olunur.
Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Yolda orta sürətin saatda 100 kilometr olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin etmiş olacaq.
Tikinti işlərinin bu ilin noyabr ayınadək başa çatdırılması, yolun isə ilin sonunadək istismara verilməsi planlaşdırılır.