İlin sonunadək Bərdə, Cəlilabad və Lənkəranda yeni peşə təhsili kompleksləri istifadəyə veriləcək
AzerTAg.az
Lənkəran, 20 fevral, Bağır Əliyev, AZƏRTAC
Müasir dövrdə regionlarımızda peşə təhsilinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ən vacib istiqamətlərdən biri rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Peşə təhsili sistemində kadr hazırlığı bu sahədə qarşıda duran ən mühüm vəzifələrdən biridir.
Bu fikirləri Lənkəranda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında təhsil nazirinin müavini İdris İsayev bildirib.
Ölkəmizdə peşə təhsili sisteminin inkişafı və peşə təhsili şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlərə başlandığını vurğulayan nazir müavini, regionlarda yeni peşə təhsili müəssisələrinin tikildiyini söyləyib: “Bərdə şəhərində inşa edilən yeni peşə təhsili kompleksində tikinti işləri artıq başa çatıb. Yaxın vaxtlarda orada yeni avadanlıq quraşdırılacaq. Cəlilabad şəhərindəki peşə təhsili kompleksinin yataqxana binası əsaslı təmir edilib. Lənkəran şəhərində inşa ediləcək peşə təhsili kompleksinin isə layihəsi hazırlanıb və bu məqsədlə büdcə vəsaiti ayrılıb. Bir ay müddətində Lənkəranda da tikinti işlərinə başlanılacaq. Bu ilin sonunadək hər üç peşə təhsili kompleksi istifadəyə veriləcək”.

Xəbərin mətnində orfoqrafik səhv var