REGİONLAR
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
Şəki, 23 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamının icrası olaraq, bu il Şəki rayonunda 13 subartezian və artezian quyusunun qazılması nəzərdə tutulur. İndiyədək bu quyulardan 10-da qazma işləri tamamlanıb. Hazırda yeni qazılan quyuların elektrik təchizatı ilə bağlı güc transformatorlarının qoyulması və elektrik verilişi xətlərinin çəkilməsi işləri davam etdirilir. Sərəncamın icrası olaraq, yaxın günlərdə Baş Zəyzid, Orta Zəyzid və Baş Layısqı kəndlərində də yeni subartezian quyularının qazılmasına başlanılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
İdarə rəisi deyib ki, rayon yerlərində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, 2013-2018-ci illərdə təkcə Şəki rayonunda 52 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində rayonun kəndlərində 800 hektaradək əkin sahəsinin suvarma suyu və 12 min nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.