DÜNYA
İlin sonundan etibarən Atatürk aeroportundan olan bütün uçuşlar “İstanbul” Hava Limanına köçürüləcək
Bakı, 5 noyabr, AZƏRTAC
Dekabrın 31-dən etibarən Atatürk Hava Limanından olan bütün uçuşlar “İstanbul” Yeni Hava Limanına köçürüləcək.
“Türk Hava Yolları”ndan AZƏRTAC-a bildirilib ki, “Türk Hava Yolları” “İstanbul” Hava Limanının açılışı ilə türk aviasiyasının yeni erasına qədəm qoyur. Belə ki, dekabrın 30-dək İstanbul Hava Limanından uçuşlar yalnız Ankara, İzmir, Antalya, Bakı və Şimali Kipr Türk Respublikasına (Ercan) nəzərdə tutulub. Mövcud plana əsasən, artıq dekabrın 31-dən etibarən Atatürk Hava Limanından olan bütün uçuşlar “İstanbul” Hava Limanına köçürüləcək.
Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən aviaşirkət olaraq “Türk Hava Yolları” öz şəbəkəsini genişləndirmək, yeni istiqamətlər üzrə uçuşlar yerinə yetirmək və daha çox sərbəst vaxtla həm sərnişin, həm də yük nəqliyyatını artırma imkanı əldə edəcək. Ən son texnologiya və innovasiyaların tətbiqi ilə ərsəyə gətirilən yeni terminal sayəsində sərnişinlər yeni səyahət təəssüratları əldə edəcək.
Dörd mərhələdən ibarət meqalayihənin 2028-ci ildə tamamlanması gözlənilir. Ümumilikdə, kompleks 76,5 kvadratkilometr ərazini əhatə edəcək, altı uçuş-enmə zolağı, dörd terminal və 233 hava gəmisi üçün parkinq yeri və 225 min işçi ilə hər il 200 milyon sərnişinə xidmət göstərəcək. Son mərhələ başa çatdıqda ən böyük beynəlxalq hava qovşağı özündə ofislər, yaşayış binaları, hotellər, tibb mərkəzi, mədəniyyət və incəsənət binaları, ticarət mərkəzi, dizayner butikləri, sərgi-konqres mərkəzi, iclas və təlim mərkəzlərini də birləşdirəcək.