İDMAN
İlk Avropa Oyunlarına test xarakterli güləş üzrə beynəlxalq turnirin ilk günündə Azərbaycan millisi 20 medal qazanıb
Bakı, 16 aprel, Səxavət Quliyev, AZƏRTAC
Aprelin 16-da Heydər Əliyev adına İdman Arenasında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına test xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edirlər.
Turnirin proqramına əsasən, yarışın ilk günündə 92 yeniyetmə yunan-Roma güləşçisi birincilik uğrunda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Elşad Məmmədov (42 kq, Azərbaycan), Giorgi Mefişvili (46 kq, Gürcüstan), Marlan Mukaşev (50 kq, Qazaxıstan), Moxtari Mohamedreza (54 kq, İran), Reza Kibiri (58 kq, İran), David Bakuradze (63 kq, Gürcüstan), Ülvi Qənizadə (69 kq, Azərbaycan), Nəzərşah Fərullayev (76 kq, Azərbaycan), Saed Yousifi (85 kq, İran) və Amin Mirzadeh (100 kq, İran) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan millisi turnirin ilk gününü 3 qızıl, 8 gümüş və 9 bürünc medalla başa vurub.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.