İDMAN


İlk dəfə Azərbaycan idmançılarının reytinq cədvəli hazırlanıb

Bakı, 10 may, AZƏRTAC

Gənclər və İdman Nazirliyi ilk dəfə Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reytinq xallarının hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri beynəlxalq yarışların təsnifatına uyğun aparılacaq. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 4 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri üzrə (böyüklər arasında) nəzərdə tutulub.

“Azərbaycan Respublikası idmançılarının reytinq əmsalının hesablanması haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış reytinq cədvəli hər ay yenilənərək idmançıların və komandaların göstərdikləri nəticələr xallarında, reytinq mövqelərində əksini tapacaq.

Qeyd edək ki, idmançıların reytinq xalları növbəti təqvim ilinə keçiddə sıfırlanmayacaq və cədvəl üzrə son 12 ayın nəticələri aktiv olaraq qalacaq. Məsələn, idmançının 2023-cü il fevral ayının 1-də reytinq əmsalı hesablanarkən, onun son 12 ay (1 fevral 2022 – 31 yanvar 2023) göstəriciləri nəzərə alınacaq.

Reytinqdə, ilk növbədə, Olimpiya Oyunlarında uğurla çıxış etmiş idmançılara üstünlük veriləcək. Bundan sonra idman növündən asılı olaraq, dünya, Avropa çempionatlarının və digər yarışların nəticələri nəzərə alınacaq.

Həmçinin bu reytinqdə sabitlik son dərəcə vacibdir. İl ərzində sabit çıxış edən idmançı cədvəldə, böyük olsa belə, bir uğur qazanmış idmançıdan daha yüksəkdə ola bilər.

Zərurət olduqda, reytinq əmsallarının hesablanma qaydası gələcəkdə təkmilləşdirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.