REGİONLAR


İlk dəfə olaraq Respublika toxum sərgi-satış yarmarkası keçirilib

Hacıqabul, 4 oktyabr, Mahir Babayev, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Hacıqabulda ilk dəfə olaraq Respublika toxum sərgi-satış yarmarkası keçirilib.

Yarmarkada Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, yerli toxum istehsalçıları, Toxum Assosiasiyası, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkanın keçirilməsində əsas məqsəd toxum ticarəti şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar görüşlərin keçirilməsi, toxumçuluqda innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumun əlçatanlığının təmin olunmasıdır.

Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışıb, bu sərginin Hacıqabulda keçirilməsindən məmnunluğunu bildirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. S.Mövlayev nazirlik tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq toxum və ting bazarının tənzimlənməsinin əsas hədəflərdən biri kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçu fermerlərə daim dəstək göstərildiyini, toxum istehsalçılarına verilən subsidiya mexanizminin təkmilləşdirildiyini, fermer və torpaq mülkiyyətçilərinin sertifikatlı toxuma əlçatanlığının təmin olunması sahəsində şəffaflığın daha da artırıldığını diqqətə çatdıran agentliyin sədri, payızlıq buğda və arpa səpininin optimal müddətdə başa çatdırılması üçün fermerlərin vaxtında sertifikatlı toxumla təmin olunması istiqamətində işlərin uğurla həyata keçirildiyini vurğulayıb.

Məlumat verilib ki, hazırda toxumların səpin keyfiyyəti üzrə analizləri aparmaq üçün 12 regional toxum sertifikatlaşdırma mərkəzi (Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad), eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) Mərkəzi fermerlərin istifadəsinə verilib. Mərkəzlər ən müasir cihaz və avadanlıqlarla təchiz olunub.

Seymur Mövlayev çıxışının sonunda sərginin toxum bazarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu bildirərək, iştirakçılara uğurlar və məhsuldar iş arzulayıb.

Qeyd edək ki, sərgiyə toxum istehsalı və satışı ilə məşğul olan 50-dən artıq özəl şirkətin məhsulları çıxarılıb. Sərgidə əsasən dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib. Fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar verilib, informasiya materialları təqdim olunub.

Sərgi ilə tanışlıqdan sonra ətraflı müzakirələr aparılıb, eləcə də iştirakçılar arasında sərginin əhəmiyyəti barədə sorğu keçirilib.

Tədbir iştirakçıları sərginin təşkilini yüksək dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.