REGİONLAR
İlk dəfə səs verəcək gənclər səsvermə proseduru və qaydaları barədə məlumatlandırılıb
Bərdə, 9 mart, AZƏRTAC
Aprelin 11-nə təyin edilən prezident seçkilərinin Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün ölkəmizdə bütün zəruri addımlar atılır. Azərbaycanın hər bir vətəndaşı kimi gənclər də öz seçki hüquqlarından istifadə etməlidirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə səsləndirilib.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov seçkilərin azad, demokratik və ədalətli şəkildə keçirilməsi üçün ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər, islahatlar həyata keçirilib.
93 saylı Bərdə şəhər seçki dairəsinin 7 saylı məntəqə seçki komissiyasının sədri Aydın Zeynalov gənclərə seçki prosesinin gedişi, səsvermə proseduru və qaydaları barədə məlumat verib.
Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov bildirib ki, gənclər ictimai-siyasi, sosial-iqtisadi həyatımızda fəal iştirak etməklə, səsvermə prosesində də müxtəlif statuslarda - seçici və müstəqil müşahidəçi kimi iştirak edə bilərlər.
Tədbirdə seçkilərdə ilk dəfə iştirak edəcək gəncləri maraqlandıran suallar cavablandırılıb.