İQTİSADİYYAT
İlk ixrac missiyası Çinə yola düşüb
Bakı, 8 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi tərəfindən noyabrın 9-13-də Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə ilk ixrac missiyası təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZROMO) və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrinin daxil olduğu ixrac missiyası Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən “Honqkonq Şərab və Spirtli İçkilər Sərgisi”ndə və “Quancou Şərab Sərgisi”ndə iştirak edəcək.
Səfər zamanı iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. İxrac missiyası, həmçinin Çin Xalq Respublikasında yerli distribüterlərlə, potensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar. Səfər çərçivəsində iş adamları arasında əməkdaşlığa dair sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə təşkil olunan ixrac missiyalarında iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkət ixrac missiyasında iştirak etmək hüququ qazanıb.