ELM VƏ TƏHSİL


İlk proqramçı Ada Lavleysin davamçıları ənənəvi ACM tədbirinə toplaşacaqlar

Bakı, 22 aprel, AZƏRTAC

ACM (Hesablama Maşınları Assosiasiyası) beynəlxalq təşkilatının Azərbaycan bölməsi ADA Universitetinin ACM tələbə bölməsi ilə birgə mayın 4-5-də “Bərabərliyin iki tərəfi var” mövzusunda IV Ada mirası tədbirini keçirəcək.

ACM-dən AZƏRTAC-a bildirilib ki, tədbir ilk kompüter proqramçısı, ingilis riyaziyyatçısı Ada Lavleyslə bağlıdır. ADA Universitetində 4-cü ildir keçirilən tədbirin məqsədi qadınları texniki sahələr, o cümlədən informatikanın müxtəlif istiqamətləri üzrə təhsil almağa və karyera qurmağa təşviq etmək, onları beynəlxalq “womENcourage 2019” konfransında iştirak etməyə həvəsləndirməkdir.

Azərbaycan ACM bölməsinin icraçı şurasının üzvü, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov bildirib ki, 2016-cı ildə keçirilən birinci tədbirdən bəri hər il azı 5 azərbaycanlı tələbə təqaüd qazanaraq bu beynəlxalq konfransda iştirak edib.

Builki Ada mirası proqramının “Ulduz müharibələri” (Star Wars®) gününə təsadüf edən ilk günündə ötən il Belqradda keçirilmiş “womENcourage” və mühəndis qadınların “Qreys Hopper” konfranslarında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşəcəklər.

Tədbirdə beynəlxalq elmi komitə tərəfindən seçilmiş tələbə tədqiqat işləri təqdim ediləcək. Paralel sessiyalarda informatikanın tədrisi istiqamətində “Kod saatı” layihəsi və “Unity” oyun tərtibatı platforması barədə seminarlar keçiriləcək. Üçüncü sessiyada iki sənədli film – Ada Lavleysin həyatından bəhs edən “İnformatikanın şahzadəsi: Ada tənliyini həll edərkən” və videooyun tərtibçiləri barədə “Müstəqil oyun: kinofilm” nümayiş etdiriləcək. Növbəti gün isə videooyunların hazırlanması mövzusunda hakafon (haker marafonu) keçiriləcək.

Qeyd edək ki, beynəlxalq “womENcourage” konfransı bu il sentyabrın 16-dan 18-dək Romada təşkil ediləcək. Konfrans barədə daha geniş məlumat onun saytında yerləşdirilib.

Hər il “womENcourage” bakalavr, magistr və doktorantura tələbələrini (qadın və ya kişi olmasından asılı olmayaraq) informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılar konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü üçün müraciət edə bilirlər.

Azərbaycan ACM-W bölməsinin sədri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Ulduzə Xəlilova deyib: “Ötən il bu beynəlxalq konfransda ilk dəfə Azərbaycandan 3 tədqiqat posterini gördük, tələbələrimiz elmi işlərini uğurla təqdim etdilər. Ümidvarıq ki, bu bir ənənəyə çevriləcək”.

Tədqiqat posterini göndərməzdən əvvəl Ada mirası tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyənlər mayın 1-də saat 18-dək https://azerbaijan.acm.org/ada-s-legacy  səhifəsindəki ərizə formasını dolduraraq göstərilən e-poçt ünvanına yollamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.