ELM VƏ TƏHSİL
“İlk zəng”in sevincləri…
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bakı şəhəri 156 nömrəli tam orta məktəbdə “Bilik günü” münasibətilə tədbir keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək yeni tədris ilinin başlanması və “Bilik günü” münasibətilə müəllim və şagirdləri təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsildə uğurlar arzulayıb.
Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan nazir müavini bildirib ki, hər il ölkəmizdə müasir tələblərə cavab verən məktəb binaları tikilir, məktəblərin maddi-texniki bazası yenilənir.
156 nömrəli tam orta məktəbin tarixindən söz açan F.Qurbanov təhsil ocağında diqqətəlayiq uğurlar qazanıldığını söyləyib.
Digər çıxış edənlər də müəllim və şagirdlərə təhsildə nailiyyətlər arzulayıblar.
Sonra sevinc sədaları altında ilk zəng çalınıb.