SİYASƏT
İlkin Namazlı: Diaspor Gənclərinin Yay Düşərgəsi gənclərimizin məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir VİDEO

Şuşa, 2 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımız otuz ilə yaxın müddətdə həsrətlə gözlədiyi ən böyük arzusuna – doğma torpaqlarımızın işğaldan azad edilməsi sevincinə Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbə sayəsində nail oldu. Hər bir azərbaycanlı bu şanlı Zəfərin haqlı qürurunu yaşayır. Məhz bu Qələbə sayəsində azad edilən tarixi ərazilərimizdə, o cümlədən mədəniyyətimizin beşiyi olan Şuşada olduğuma görə sonsuz qürur hissi keçirirəm. Bu anı bizə bəxş edən Prezidentimizə, qəhrəman Ordumuza ürəkdən minnətdaram.
Bunu avqustun 2-də Şuşada açılışı olan Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı, İtaliyada magistratura təhsili alan azərbaycanlı gənc İlkin Namazlı AZƏRTAC-a açıqlamasında deyib.
Xaricdə yaşayan azərbaycanlı gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə təşkil olunan bu layihənin əhəmiyyətini xüsusi vurğulayan İ.Namazlı qeyd edib: “Bu möhtəşəm layihə çox yaxşı təşkil olunub. Burada olmağımıza şərait yaradan bu layihənin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, İtaliya–Azərbaycan İcma Assosiasiyasının vitse–prezidentiyəm. Biz İtaliya ictimaiyyətinin ermənilərin işğal dövründə bu ərazilərdə törətdikləri vəhşiliklər, vandalizm aktları barədə məlumatlandırılması məqsədilə mətbuatda fəal çıxış edir, müxtəlif məlumatlandırma aksiyaları keçiririk. İşğaldan azad edilmiş ərazilərlə tanışlıq məqsədilə Şuşada təşkil olunan Diaspor Gənclərinin III Yay Düşərgəsi bu baxımdan çox vacib əhəmiyyət kəsb edir”.