İQTİSADİYYAT
İlkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.2 milyard dollar kəsir olub

Bakı, 8 iyun, AZƏRTAC
Birinci rübdə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.2 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.2 milyard dollar profisit olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir 1 faiz azalaraq 1 milyard dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1.8 milyard dollar olub ki, bunun 77 faizi 1.4 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (1.1 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (160.1 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (63.5 milyon dollar) və digər ödənişlər (90.4 milyon dollar) təşkil edib.
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 665 milyon dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 481.6 milyon dollar, ödənişlər isə 183.4 milyon dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 93.8 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5.6 faizini ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 0.6 faizini isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 88.2 faiz artaraq 451 milyon dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 12.6 faiz azalaraq 132 milyon dollar olub. Nəticədə pul baratları üzrə 319 milyon dollar müsbət saldo yaranıb.