İQTİSADİYYAT
İlkin gəlirlər balansında qeyri-neft sektoru üzrə 0,4 milyard dollar profisit olub
Bakı, 9 dekabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1,5 milyard dollar kəsir, qeyri-neft sektoru üzrə isə 0,4 milyard dollar profisit olub.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir 33,1 faiz artaraq 1,1 milyard dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3,7 milyard dollar olub. Bunun 65 faizi (2,4 milyard dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (1,7 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1,6 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə xam neft şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (0,3 milyard dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (0,2 milyard dollar) və digər ödənişlər (0,2 milyard dollar) təşkil edib.