QAN YADDAŞI


İllər ötdükcə dərinləşən yara: Xocalı faciəsi

Gəncə, 22 fevral, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl foyedə sərgilənən və Xocalı dəhşətlərini əks etdirən rəsm əsərlərinə baxış olub.

Sonra Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi yad edilib, faciəyə həsr olunan videoçarx göstərilib.

Tədbirdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Artıq bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Sevda Abdullayeva çıxışında soyqırımının tarixinə nəzər salıb. Vurğulanıb ki, Ermənistan Xocalı soyqırımını törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edib. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanıb və əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlərdən danışan məruzəçi onu da əlavə edib ki, görülən işlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib.

Sonda universitet tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.