DÜNYA
İllinoys ştatının Nümayəndələr Palatasının üzvü Çikaqonu 51-ci ştat etmək niyyətindədir
Vaşinqton, 11 fevral, AZƏRTAC
İllinoys ştatının Nümayəndələr Palatasının üzvü, Şelbivilldən olan respublikaçı Bred Helbruk Çikaqonun İllinoys ştatından ayrılması barədə HR0101 nömrəli qətnaməni təqdim edib. Daha iki konqresmen - Robinsondan Kris Miller və Luisvilldən Darren Beyli onunla həmrəydirlər.
AZƏRTAC xəbər verir ki, qanunvericilər Çikaqonu ABŞ-ın 51-ci ştatı hesab etmək niyyətindədirlər. Onların qənaətinə görə, İllinoys ştatına bir çox siyasi və iqtisadi məsələlərdə iki ayrı-ayrı region – Çikaqo şəhəri və İllinoys ştatı kimi baxılır. Konqresmenlər iddia edirlər ki, İllinoys ştatındakı sakinlərin əksəriyyəti administrasiya və Çikaqo sakinləri ilə bir çox mühüm məsələlərdə, o cümlədən silaha sahib olma, abort və miqrasiya kimi məsələlərdə razı deyillər.
Bu, ştatın 200 illik tarixində İllinoysun Çikaqo şəhərindən ayrılması istiqamətində addımların atıldığı ilk hal deyildir. Belə ki, 1925-ci ildə qərbli illinoyslular öz regionlarını “Forqottoniya Respublikası” elan etmişdilər, 1981-ci ildə isə ştat Senatının üzvü Hovard Kerol Kuk dairəsini ayırmaqla yeni ştat yaratmağa cəhd göstərmişdi. Bu layihələr uğurla başa çatmayıb. HR0101 nömrəli qanun layihəsi hələ ki, Nümayəndələr Palatasının hansısa komitəsinə nəzərdən keçirilmək üçün təqdim edilməyib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton