İllinoys ştatının qubernatoru Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb
AzerTAg.az

Bakı, 18 may, AZƏRTAC
ABŞ-ın İllinoys ştatının qubernatoru Cey Robert Pritsker Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyannamədə ABŞ-da yaşayan bütün Azərbaycan əsilli amerikalılar kimi, Çikaqodakı Azərbaycan icmasının da regional müxtəlifliyə, mədəniyyətlərarası inkişafa, sülhə və çiçəklənməyə töhfə verdikləri diqqətə çatdırılıb.
Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) 2015-ci il aprelin 15-də fəaliyyətə başladığına və təşkilatın inkişafında uğurlara nail olduğuna diqqət cəlb edilib.
Vurğulanıb ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib. Dünyada yaşayan azərbaycanlıların bu günü böyük qürur hissi ilə qeyd etdiklərini, AXC-nin varisi olan Azərbaycan Respublikasının ABŞ-ın strateji tərəfdaşı olduğunu xatırladan qubernator ştatın sakinlərini bu bayrama qoşulmağa çağırıb.
Qeyd edək ki, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv-təşkilatı olan ACMA-nın təşəbbüsü əsasında bir neçə gün əvvəl 28 May – Müstəqillik Günü münasibətilə Çikaqonun mərkəzində Azərbaycan Bayrağı qaldırılıb.
Xəbərin mətnində orfoqrafik səhv var