CƏMİYYƏT
İlqar Orucov: Cari ildə yeni və maraqlı layihələr həyata keçirməyi planlaşdırırıq
Bakı, 17 yanvar, Həsrət Mahmudova, AZƏRTAC
Ötən il ölkəmizdə vətəndaş cəmiyyəti üçün xeyli əlamətdar hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıldı və bununla da ölkəmizdə qeyri-hökumət təşkilatlarının inkişafına hədəflənmiş yeni mərhələyə keçid təmin olundu.
Bunu Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Cəmiyyətin ötənilki fəaliyyətindən danışan İ.Orucov gənc alimlərin inkişafına yönələn xeyli maraqlı layihələrin reallaşdırıldığını bildirib: “AGADMC spesifik bir təbəqənin maraqlarını təmin etməklə yanaşı, milli maraqlarımızın qorunmasında, Azərbaycan həqiqətlərinin təbliğində ölkə gəncliyinin elit təbəqəsi olan elmi gəncliyin imkanlarından geniş istifadə edib. Bildiyimiz kimi, 2021-ci il postmüharibə dövrünün ilk ili olaraq yeni gerçəklikləri, vəzifələri və eyni zamanda, məsuliyyəti diktə etdi. Bu baxımdan təşkilatımız 30 illik işğal dövründə ölkəmizin humanitar sahədə qarşılaşdığı faktları artıq yeni imkanlarla - işğaldan azad olunmuş ərazilərdə tarixi abidələrə, məktəblərə, muzeylərə, dini inanc məkanlarına, bir sözlə, yaşayış və qeyri-yaşayış sahələrinə qarşı törədilən vandallıq aktlarının, eyni zamanda, ekologiyamıza vurulan ziyanın miqyasının, mina təhlükəsinin dünyanın gənc alimlərinin, elm, təhsil, mədəniyyət sahələrində fəaliyyət göstərən beynəlxalq qurumların diqqətinə çatdırmaq istiqamətində fəaliyyətə ciddi önəm verib”.
Qeyd olunub ki, AGADMC müxtəlif sahələrdə dövlət proqramlarının icrasında fəal iştirak edib. Ötən il qurum bir neçə uğurlu layihə reallaşdırıb. Layihələrdən birbaşa yararlanan gənc alimlərin sayı min nəfərdən çox olub. Gənc alimlərin elmi əsərlərinin çap olunması, beynəlxalq elmi tədbirlər barədə məlumatlandırılmaları və həmin tədbirlərdə iştiraklarının təmin edilməsi 18 illik fəaliyyətimizin dəyişməz tərkib hissələri kimi ötən il də davam etdirilib.
Cəmiyyətin fəaliyyətində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin yenə də prioritet istiqamət təşkil etdiyini vurğulayan təşkilatın sədri bildirib ki, AGADMC-nin üzv olduğu Avropa Gənc Alimlər Şurasındakı fəaliyyəti də uğurlu olub. Bu qurumla əməkdaşlıq beynəlxalq Açıq Elm və Açıq Giriş platformalarının ölkəmizdə təşviqi istiqamətində fəaliyyətin davamlılığına təkan verib. Cari ildə yeni və fərqli təşəbbüslərin gerçəkləşdirilməsinin nəzərdə tutulduğunu qeyd edən İ.Orucov bildirib: “Beynəlxalq müstəvidə görəcəyimiz ilk işlərdən biri türk dövlətlərinin gənc alimlərinin Bakı forumunu keçirmək və davamlı əməkdaşlığın təmin edilməsini həyata keçirəcək türk dövlətləri gənc alimlərinin daimi fəaliyyət göstərən koordinasiya mərkəzinin - platformasının yaradılmasıdır. Daha bir böyük tədbir Avropa gənc alimlərinin növbəti forumunun ölkəmizdə keçirilməsi ilə bağlıdır. Forumun məqsədi avropalı və azərbaycanlı gənc alimləri bir araya gətirməklə onlar arasında mobilliyi artırmaq, birgə elmi araşdırmalar üçün səyləri birləşdirmək, eyni zamanda, Avropanın elmi gəncliyinin diqqətini 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış və saxtalaşdırılmış tarixi-mədəni, arxeoloji abidələr haqqında tarixi həqiqətləri təbliği, ekologiyaya vurulmuş ziyan barədə onların məlumatlandırılması, əzəli torpaqlarımızda baş vermiş vandalizm aktlarının Avropa elmi ictimaiyyətinin diqqətinə çatdırılması işinin daha da genişləndirilməsi, informasiya mübadiləsi şəbəkəsinin qurulmasından ibarətdir. Daha sonra reallaşdırmaq istədiyimiz növbəti böyük beynəlxalq layihə Qoşulmama Hərəkatına üzv ölkələrin gənc alimlərinin şəbəkəsinin qurulmasıdır”.
AGADMC-nin reallaşdırdığı layihələrdən danışan İ.Orucov həyata keçirilməsinə ötən il başlanılan və icrasının bu il də davam etdiriləcəyi “Open Science” Azərbaycan: Gənc Tədqiqatçılar Arasında “Open Science” platformasının təbliği” layihəsinin Təhsil Nazirliyi ilə birgə reallaşdırıldığını vurğulayaraq deyib: “Layihə çərçivəsində 17 ali təhsil müəssisəsində gənc alimlər üçün müvafiq seminarlar təşkil olunacaq. Bu platformanın gənc alimlər arasında geniş təbliğinə nail olmaq üçün “Open Science” üzrə Milli Təbliğat Mərkəzi istifadəyə veriləcək. Həmçinin regionlarda fəaliyyət göstərən elmi tədqiqatçılar üçün də maraqlı layihələr icra edəcəyik. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə cari ilin fevralından Gəncə, Şəki və Mingəçevirdə yeni layihənin icrasına başlayacağıq. Vətəndaş cəmiyyətinin potensialından daha səmərəli istifadə etmək Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin daim qeyd etdiyi kimi, ölkəmizdə vətəndaş cəmiyyəti böyük inkişaf yolu keçib, milli dövlətçilik maraqlarımızın qorunmasında böyük rol oynayıb və artıq yeni inkişaf mərhələsini yaşamaqdadırlar. Vətəndaş cəmiyyətinin fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər deyilənləri bir daha sübut edir. Ümidvaram, milli maraqları əsas götürən vətəndaş cəmiyyəti dövlətimizin inkişafı naminə fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək”.