ELM VƏ TƏHSİL
İlqar Orucov: İnanıram ki, yaxın zamanlarda Şuşa Realnı Məktəbi öz tarixi funksiyasını bərpa edəcək
Bakı, 11 may, AZƏRTAC
XIX yüzilliyin sonlarında müxtəlif sahələrdə baş verən dəyişikliklər Azərbaycanda mədəniyyətlə yanaşı, maarifçiliyə meyillərin artmasına da öz müsbət təsirini göstərirdi. Həmin dövrdə maarifçiliyin inkişafı nəticəsində dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid gücləndi. XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər meydana gəldi və inkişaf yoluna qədəm qoydu. Belə məktəblərin təsiri və maariflənmə səyləri baxımından Qarabağ bölgəsi, nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda, demək olar ki, ən birinci yeri tuturdu. Bu ənənə XIX əsrin sonlarında daha da güclənmişdi. Belə məktəblərimizdən biri də təhsil tariximizdə özünəməxsus yeri olan, xalqımıza neçə-neçə ziyalı, tanınmış yazıçılar, ədiblər bəxş edən Şuşa Realnı Məktəbidir. 6 sinifli Realnı Məktəbin əsası 1881-ci il sentyabrın 20-də qoyulub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
O qeyd edib ki, Şuşa Realnı Məktəbində tanınmış maarifçilər Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyib. Əslən şuşalı olan şəxsiyyətlərin hər biri ən savadlı, sayılıb-seçilən insanlar olub. Məsələn, görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyov Fransada və Rusiyada təhsil almış görkəmli ziyalılardan idi.
Öz missiyasını uğurla həyata keçirən, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan, Azərbaycan ədəbiyyatına bir sıra məşhur yazıçılar, ədiblər, bəxş edən Şuşa Realnı Məktəbinin binası sonralar bir sıra təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün gözəl məkana çevrilmişdi. Belə ki, Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən 1989-cu ilədək Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərib. Binanın sonuncu sakinləri isə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı olub. 1989-cu ildən 1992-ci ilədək bu binada fəaliyyət göstərən ali təhsil müəssisəsinin Şuşa filialında tələbələr əsasən pedaqoji fakültələrdə təhsil alırdılar.
Təhsilimizin inkişafına əvəzsiz töhfələr vermiş və əzəmətini, tarixi görkəmini, qədimliyini qorumuş Şuşa Realnı Məktəbi çox təəssüf ki, 1992-ci ilə qədər ayaqda durmağı bacardı. Belə ki,1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları orada bir çox tarixi, dini yerlərimizi məhv etdi, o cümlədən Şuşa Realnı Məktəbini yandıraraq xarabazara çevirdilər.
“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın davam edən işğala son qoydu. Artıq işğaldan azad olunmuş tarixi torpaqlarımızda sürətlə quruculuq işləri aparılır. Bu baxımdan hazırda Şuşa Realnı Məktəbində bərpa-quruculuq işləri həyata keçirilir. İnanıram ki, yaxın zamanlarda məktəb öz tarixi funksiyasını bərpa edəcək. Öz qapılarının Şuşanın əzəli və əbədi sakinlərinin üzünə açacaq”, - deyə İlqar Orucov qeyd edib.