CƏMİYYƏT


İlqar Qasımov: Vətən müharibəsində ağır yaralanan qazilər üçün 264 ortopedik əməliyyat icra edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-travmatoloq İlqar Qasımov Vətən müharibəsində ağır yaralanan qazilərin sağlamlıq vəziyyəti barədə sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Ötən müddət ərzində Vətən müharibəsində ağır yaralanan qazilər üçün nə qədər ortopedik əməliyyat aparılıb?

- Ortoped və travmatoloqlar İkinci Qarabağ müharibəsində ağır yaralanan qaziləri daim nəzarətdə saxlayırlar. Ötən müddətdə onlara 264 əməliyyat həyata keçirilib. Bundan əlavə, bağırsaqlarından güllə yarası almış Birinci Qarabağ müharibəsi veteranı da 27 ildən sonra əməliyyat olunub. Bu, çox ciddi və mürəkkəb əməliyyat idi, çünki hadisənin üstündən xeyli vaxt keçmişdi və yoluxucu ağırlaşmaların inkişafı üçün potensial risk faktorları var idi.

- Vətən müharibəsi iştirakçıları Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hansı problemlərlə əlaqədar müraciət edirlər?

- Hər gün İkinci Qarabağ müharibəsi veteranlarından posttravmatik sümük qüsurları, pəncə-əl əyrilikləri, sümük sınıqlarının birləşməməsi (gecikmiş qırıq konsolidasiyası) ilə bağlı kifayət qədər müraciət alırıq. Həmin müraciətləri təxminən 4 qrupa bölmək olar. Birinci qrupa yalançı oynaqlar (psevdoartroz - bitişməyən sınıq) aiddir. Güllə yarası (müştərək ətrafın travması) olanda qidalanma pozulur, damarlar zədələnir və termik yanıqlar olur. Qeyd etmək istərdim ki, psevdoartrozla, adi sınıqlardan fərqli olaraq, sümük daha gec bitişir. Hətta elə hallar olur ki, yalançı oynaqlar əmələ gəlir.

İkinci hal olan sıxılma sindromu (kompartment sindromu) nəticəsində xəstələrdə paralitik vəziyyətlər (periferik sinir sisteminin zədələnməsi), xüsusən də xəstənin biləklərinin və dabanlarının (“paralitik" pəncələr - pəncə reflekslərinin enməsi) kimi hallar baş verir. Belə xəstələrin, əlbəttə ki, uzunmüddətli ortopedik yardıma ehtiyacı var.

Üçüncü qrupa isə uzun borulu sümüklərinin, xüsusən də aşağı ətrafların defektləri aiddir. Əvvəlki müsahibələrin birində qeyd etmişdim ki, Vətən müharibəsi qazisinin 24 santimetrlik sümük defekti aradan qaldırılıb. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri səthi bərpa olunub. Ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub. Bu, kifayət qədər uzun prosesdir, çünki gün ərzində sümükdə cəmi 1 millimetrə qədər bərpa prosesi gedir.

Xəstələrin sonuncu qrupu güllə yaralarından sonra oynaqdaxili sınıqları olan xəstələrdir. Bunlar əsasən iri oynaqların, xüsusilə də bud-çanaq və diz oynaqlarının sınıqlarıdır. Təbii ki, artikulyar səthin zədələnməsi, xüsusən də güllə yarası, oynaqların invalizasiyasına və kontrakturasına səbəb olur. Bu, xroniki ağrı sindromudur.

- Hansı hallarda oynaq artroplastikası aparılır?

- Terapevtik müalicə lazımi hərəkətliliyi təmin etmədikdə və oynaqların işləməsi müəyyən ağrılara səbəb olduqda oynaqların artroplastikası, yəni bud-çanaq oynağının endoprotezləşdirilməsi icra edilir. Onu da qeyd edim ki, həkimlərimiz böyük oynaqların artroplastikasında çoxlu təcrübə toplayıblar. Ötən müddətdə “YAŞAT” Fondunun dəstəyi ilə mükəmməl davamlılığa və etibarlılığa malik olan ən müasir keramika implantlarından istifadə etməklə 7 artroplastika əməliyyatı həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.